BMT məruzəçisi

BMT məruzəçisi: ABŞ–İran memorandumunda insan hüquqları nəzərə alınmayıb

ELAZ.İNFO xəbər verir ki, BMT-nin İranda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi May Sato bildirib ki, ABŞ ilə İran arasında imzalanan memorandum insan hüquqları məsələlərini əhatə etmir və bu, iranlıların ədalətə çıxış imkanlarını təhlükə altına qoya bilər.

BMT-nin İranda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi May Sato ABŞ ilə İran arasında imzalanmış memorandumun insan hüquqlarının qorunması baxımından ciddi boşluqlar ehtiva etdiyini bildirib.

May Sato verdiyi müsahibədə qeyd edib ki, sənəd əsasən geosiyasi maraqlara yönəlib və İran xalqının fundamental hüquqlarını kifayət qədər nəzərə almır.

“İran xalqı bu çərçivədə demək olar ki, görünmür. Memorandum geosiyasi maraqlara xidmət edir, lakin İran xalqını kənarda qoyur. İnsan hüquqlarını əhatə etməyən razılaşma İranı müharibədən əvvəlki vəziyyətə qaytara və ya repressiyaların daha da güclənməsinə səbəb ola bilər”, – deyə May Sato bildirib.

Xüsusi məruzəçinin sözlərinə görə, beynəlxalq razılaşmalar hazırlanarkən insan hüquqlarının müdafiəsi əsas prinsiplərdən biri olmalıdır. O vurğulayıb ki, bu məsələnin diqqətdən kənarda qalması İranda hüquq pozuntularının dərinləşməsi riskini artırır.

Qeyd edək ki, son aylarda ABŞ–İran münasibətləri və tərəflər arasında aparılan danışıqlar beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir. Ekspertlər hesab edirlər ki, regionda davamlı sabitliyin təmin olunması üçün təhlükəsizlik məsələləri ilə yanaşı, insan hüquqlarının qorunması da prioritet istiqamətlərdən biri olmalıdır.

Natəvan BƏYDİLİ

Bizi izləyin və paylaşın