Azərbaycan idmanında beynəlxalq standartlara uyğun yeni və mühüm bir istiqamətin təməli qoyulub. Ölkəmizdə idmançıların hüquqlarının, sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə ilk sertifikatlı mütəxəssislər fəaliyyətə başlayır.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz İdman” forumunda Azərbaycan Üzgüçülük Federasiyasının nümayəndələri Mehdi Məmmədov və həmkarı uğurla iştirak ediblər. Forum çərçivəsində iştirakçılara təhlükəsiz idman siyasəti, idmançıların hər növ risklərdən müdafiəsi, hesabatlılıq mexanizmlərinin qurulması, risklərin effektiv idarə olunması və baş verə biləcək neqativ hadisələrin araşdırılması sahəsində mühüm beynəlxalq təcrübələr aşılanıb.
Təlim proqramını uğurla başa vuran mütəxəssislər rəsmi sertifikat əldə edərək, Azərbaycanda ilk dəfə olaraq “Safe Sport Officer” (Təhlükəsiz İdman Məsulu) statusuna layiq görülüblər. Yeni rəsmi statusa sahib olan mütəxəssislərin qarşısında duran əsas vəzifə təhlükəsiz idman standartlarının ilk növbədə Azərbaycan Üzgüçülük Federasiyasında tətbiqi, inkişaf etdirilməsi və idmançıların hüquqlarının etibarlı qorunması mexanizmlərinə rəhbərlik etmək olacaqdır. Ekspertlər qeyd edirlər ki, belə bir sağlam və etibarlı idman mühitinin formalaşdırılması bütövlükdə Azərbaycan idmanının gələcək davamlı inkişafına mühüm töhfə verəcək.
Ruslan MƏMMƏDOV


