Beynəlxalq Arenada Mühüm Uğur

13.10.2026

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Pan-Avropa Regional Şurasının (PARŞ) Qadınlar və IX Gənclər konfranslarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri mühüm vəzifələrə seçiliblər.

ELAZ.İNFO xəbər verir ki, PARŞ-a üzv həmkarlar ittifaqları təşkilatlarının nümayəndələrinin qatıldığı tədbirlərdə qadınların həmkarlar ittifaqlarında iştirakının genişləndirilməsi, əmək münasibətlərində gender bərabərliyi, eləcə də əmək bazarında baş verən dəyişikliklərin gənc işçilərə təsiri və onların hüquqlarının müdafiəsi məsələləri geniş müzakirə olunub.

Konfrans çərçivəsində keçirilən rəsmi səsvermənin nəticələrinə əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Səbinə Manafova PARŞ-ın Qadınlar komitəsinin üzvü seçilib.

“Dəyişikliklər dövründə gənc işçilər” mövzusuna həsr olunmuş IX Gənclər konfransında isə gənc nslin əmək hüquqları və qanuni mənafelərinin qorunması istiqamətində mühüm qərarlar qəbul edilib. Bu strukturda aparılan formalaşdırma nəticəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Ülviyyə Rəsulzadə PARŞ-ın Gənclər komitəsinin vitse-prezidenti seçilərək ölkəmizi beynəlxalq səviyyədə təmsil etmək hüququ qazanıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁53