Bir neçə il əvvəl Birləşmiş Millətlər Təşkilatının yeniləşdirilməsi və struktur dəyişiklikərinin zəruriliyi barədə təkliflər vermişdim. Lakin, özünü doğrultmayan mövcud strukturda heç bir dəyişiklik aparılmaması və onun iri dövlətlərin alətinə çevrilməsi sayəsində getdikcə nüfuzdan düşməsi davam edir.. Hesab edirəm ki, BMT-nin Regional quruluş strukturunun təşkili məsələsi gündəmə gəlməlidir. Belə ki, Amerikada “oturub” dünyanın bütün nöqtələrinə nəzarət etmək və bütün neqativliklərlə mübarizə aparmaq mümkün deyildir və məntiqdən kənardır.
Hesab edirəm ki, BMT-nin Qitələr və yaxud Regiionlar üzrə filiallarının yaradılması daha faydalı və təsirli ola bilər. Belə ki, BMT –nin Asiya, Avropa, Afrika, Amerika filiallarının yaradılması, həmin qitələrdə yerləşən dövlətlərin (və xalqların) problemərini daha yaxından görməyə və həll etməyə imkanları genişləndirər. Misal üçün, deyək ki, Yaxın Şərqdəki problemləri elə oradaca müşahidə etmək və həll etmək doğru olmazdımı? Yaxud, “Dağlıq Qarabağ problemi”nin həllini, regiondakı qonşu dövlətlərin vastəsilə müzakirə edib həll etmək daha münasib olmazdımı?
Məncə, real bir həqiqəti dərk etmək vaxtı yetişmişdir. Belə ki, bütün regional münaqişələri super dövlətlər özləri yaratdıqları üçün, onların həllində maraqlı deyillər və bu səbəbdən də belə münaqişələr əsasən dondurulur ki, lazım gələndə alovlandırmaq asan olsun.
Belə olan halda, BMT-nin “vacib” qərarlarına əhəmiyyət verən və onu icra edən olacaqmı? Əgər, regionlardakı münaqişələri superdövlətlər “həll edəcəklərsə” BMT-nin rolu nədir? Əgər hər hansı bir dövlət, özünü “super qüvvəyə” çevirib öz mənafei baxımından hökmlər verəcəksə və “idarə olunan xaos” şəraiti yaradacaqsa, BMT kimə və nəyə lazımdır? Olmazmı ki, BMT öz nizamnaməsini və strukturunu müasir reallıqlara müvafiq yeniləşdirməklə özü “Super qüvvəyə” çevrilsin və dünya miqyasında söz sahibi ola bilsin!? Məncə bu, bütün dövlətlərin və millətlərin (xalqların) xeyrinə olar.