Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatmaqda davam edir. ABŞ hərbi qüvvələri İrana qarşı genişmiqyaslı hava və dəniz əməliyyatlarını daha da intensivləşdirib.
ELAZ.İNFO xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hərbi hədəflərə qarşı növbəti irimiqyaslı zərbələr dalğasını tamamladığını elan edib. CENTCOM-un rəsmi “X” (keçmiş “Twitter”) hesabında yayılan bəyanata əsasən, ABŞ qüvvələri İrana aid onlarla strateji hərbi obyekti uğurla hədəf alıb. Hücumlar nəticəsində sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə (HHM) sistemləri, hərbi-loqistik infrastruktur və İranın dəniz qüvvələrinə məxsus hədəflər sıradan çıxarılıb.
Bəyanatda hərbi əməliyyatın ABŞ vaxtı ilə saat 21:40-da (Bakı vaxtı ilə iyulun 17-si səhər saatlarında) başa çatdığı bildirilir. Qeyd olunub ki, bu hücumlar artıq ardıcıl olaraq 6-cı gecədir reallaşdırılır: ABŞ ordusu, o cümlədən qırıcı təyyarələr, pilotsuz uçuş aparatları (PUA) və hərbi gəmilər yüksək dəqiqlikli silahlardan istifadə etməklə İranın sahil mühafizəsi, hava hücumundan müdafiə sistemləri, hərbi loqistika strukturları və dəniz potensialı daxil olmaqla onlarla hərbi hədəfini vurub. Baş Komandanın (Prezidentin) göstərişi ilə həyata keçirilən bu zərbələr İranın kommersiya gəmilərinə qarşı törətdiyi hüquqazidd hərəkətlərinə cavab xarakteri daşıyır və onun hərbi imkanlarını zəiflətməyə yönəlib.
Mərkəzi Komandanlıq həmçinin xatırladıb ki, hazırda Yaxın Şərq regionunda ABŞ-nin 50 000-dən çox hərbi qulluqçusu yerləşdirilib. ABŞ qüvvələrinin tam döyüş hazırlığı vəziyyətində olduğu və istənilən təhlükəyə dərhal cavab verməyə hazır dayandığı vurğulanıb. İran tərəfinin verdiyi məlumatlara görə isə, Bəndər-Abbas və Qeşm adası kimi liman şəhərlərində güclü partlayış səsləri eşidilib, mülki infrastrukturun zərər gördüyü və yaralıların olduğu bildirilir.
Ruslan MƏMMƏDOV


