Dünən Azərbaycan – Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı ilə 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş “Nə? Harda? Nə zaman?” intellektual oyunu üzrə Türkiyə mövzulu I Çempionatın açılış mərasimi olub.
ELAZ.İNFO xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov da iştirak edib.
Ceyhun Məmmədov bildirib ki, ““Bir millət, iki dövlət” prinsipi yalnız siyasi ifadə deyil, eyni zamanda xalqlarımız arasında mövcud olan sarsılmaz dostluğun, qarşılıqlı dəstəyin və həmrəyliyin real təcəssümüdür. Xüsusilə Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi qardaş dəstəyi bir daha bu birliyin nə qədər güclü olduğunu bütün dünyaya nümayiş etdirdi”.
Millət vəkili qeyd edib ki, “Bu kimi intellektual yarışlar gənclərin bilik və dünyagörüşünün artırılması, onların tarixə, mədəniyyətə və ortaq dəyərlərə marağının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə layihələr gənclər arasında sağlam rəqabət mühitinin formalaşmasına, analitik düşüncə qabiliyyətinin inkişafına və yeni dostluq əlaqələrinin qurulmasına da mühüm töhfə verir”.
Ceyhun Məmmədov onu da qeyd edib ki, “Azərbaycan və Türkiyə gənclərinin bir araya gəldiyi bu cür platformalar gələcək əməkdaşlığın daha da möhkəmlənməsinə, ortaq ideyaların formalaşmasına və türk dünyası arasında həmrəyliyin güclənməsinə xidmət edir”.
İlahə BAYINDIR
