-“Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri müntəzəm xarakter daşıyır. Bu səfərlərdə əhali ilə görüşlər zamanı həm Ermənistana, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan, həm Azərbaycan – Ermənistan münasibətlərinə dair, həm də bütövlükdə regionumuzun yeni geosiyasi və təhlükəsizlik arxitekturasıının qurulması üçün mühüm əhəmiyyətli mesajlar verilir”.
ELAZ.İNFO bildirir ki, bu fikirlər sabiq millət vəkili, BDU-nun Konsitusiya hüququ kafedrasının baş müəllimi Qulamhuseyn Əlibəyliyə məxsusdur.
Qulamhuseyn Əlibəyli söyləyir ki, “Prezidentin son səfəri zamanı Zəngilandan dünyaya verdiyi mesajlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, regional əməkdaşlıq, sülh təşəbbüsləri və regionun gələcək inkişaf strategiyası ilə bağlı əsas istiqamətləri özündə əks etdirir.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mesajların əsas mahiyyəti bundan ibarətdir ki, Azərbaycan işğal olunmuş torpaqlarını özü azad etmiş, bütün ərazisi üzərində tam suverenliyini bərpa etmişdir. Başqa sözlə Azərbaycan artıq işğal faktını öz gücünə aradan qaldırmış, beynəlxalq hüququn norma və prinsiplərini özü təmin etmiş, hazırda isə dinc bərpa və quruçuluq işlərini və böyük qayıdışı həyata keçirir. Bu mesaj son nəticədə Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına açıq siyasi xəbərdarlıq xarakteri daşıyır. Yəni Azərbaycan öz milli təhlükəsizliyini, ərazilərini və sərhədlərini müstəqil şəkildə qorumaq əzmindədir və gələcəkdə hər hansı revanşizmə, torpaqlarımızın yenidən işğalına imkan verməyəcək.
Dəfələrlə səsləndirilən bu fikrin Ermənistan ilə sərhəddə yerləşən Zəngilanda yenidən təkrarlanması həm də belə bir rəmzi məna daşıyır ki, bölgədə artıq yeni geosiyasi reallıqlar və güc balansı formalaşıb və Ermənistanın hazırkı hakimiyyəti bunu qəbul etdiyi kimi, Rusiyadakı havadarlarının köməyi ilə seçkilər ərəfəsi fəallaşan revanşist ermənilər də bu reallığı qəbul etməlidirlər”.
Q.Əlibəyli vurğulayıb ki, “Prezidentin Zəngilandan verdiyi mühüm mesajlar həm də regionda sülh prosesi ilə əlaqədardır. Həmin mesajların mahiyyəti bundan ibarətdir ki, qalib Azərbaycan regionda uzunmüddətli sülhün, Ermənistanla əməkdaşlığa, kommunikasiyaların açılmasını və Ermənistanın regional layihələrdə iştirak etməsinin tərəfdarıdır. Bu baxımdan “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizi məsələsi xüsusilə əhəmiyyətlidir. Regionda nəqliyyat-kommunikasiya xətlərinin tam açılması, o cümlədən Zəngəzur dəhlizinin işə düşməsi həm Azərbaycan, həm Ermənistan, həm də bütövlükdə Cənubi Qafqaz üçün əlverişli geoiqtisadi inkişaf imkanları yaradar. Yəni Ermənistanın qarşıdurma siyasətindən imtina edərək əməkdaşlıq yolunu seçməsi ilə regionda geosiyasi və iqtisadi sabitlik və rifah təmin oluna bilər.
Zəngilandan verilən mühüm mesajlar həm də regionda yeni güc balansının artıq formalaşması ilə əlaqədardır. Həmin mesajların mahiyyəti bundan ibarətdir ki, Azərbaycan artıq Cənubi Qafqazda əsas siyasi və iqtisadi aktorlardan birinə çevrilmişdir; heç bir regional məsələ Azərbaycanın razılığı və iştirakı olmadan həll edilə bilməz. Bu isə öz növbəsində Ermənistan üçün yeni geosiyasi şəraitin və reallığın formalaşması deməkdir və Ermənistan gələcək siyasətini bu reallıqlara uyğun qurmalıdır. Əks halda, regiondakı layihələrdən və iqtisadi imkanlardan kənarda qala bilər”.
Sabiq millət vəkili onu da bildirib ki, “ümumilikdə Zəngilandan verilən mesajların çoxşaxəli geosiyasi mənaları var. Bu mesajlarda Azərbaycanın qələbəsi, ərazi bütövlüyünün bərpası və regional yeni geosiyasi reallıqlar ön plana çıxarılmaqla yanaşı, Ermənistan üçün həm xəbərdarlıq, həm də əməkdaşlıq çağırışları yer alır. Bu mesajlar bir daha göstərirdi ki, Azərbaycan regionda sülh, təhlükəsizlik, inkişaf və rifah istəyir, lakin öz milli maraqları, təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü məsələlərində heç kəsə güzəştə getmək niyyətində deyil”.
İlahə BAYINDIR
