ABŞ-ın, əslində Trampın İranın təbii sərvətlərinə iştahası inkarolunmaz faktordur. İran zəngin ölkədir, hətta dünyanın qaz ehtiyatına görə ikinci ölkəsidir. İslam İnqilabından günümüzədək təkcə karbohidrogen yataqlarından əldə edilən gəlirin 3 trilyon olduğu təxmin edilir. Bu, gerçəkdən böyük məbləğdir. Amma İran əhalisinin hazırki yaşayış səviyyəsi bu rəqəmə adekvatdırmı? Əsla.
Bəs həmin nəhəng sərvət hara və nəyə xərclənib ?
İllərlə 8 illik müharibəni bəhanə gətirənlərin də arqumentləri artıq əsassızdır. Çünki savaşın bitməsindən az qala 40 il ötür. Son 10-15 ildə isə bahalaşma pik nöqtəyə çatdı. ABŞ-a meydan oxuyan rejim ABŞ dollarının dinamikası müqabilində rəsmən aciz qaldı. Ağıl almaz bir inflyasiya var İranda, şəxsi müşahidəmə görə 2012-ci ilin sentyabrında 25000 rial olan dollar bu gün Tehran bazarında 1680000 ə satılır. Hardasa rial 70 dəfə dəyər itirib, əvəzində bahalaşmanın dinamikası bu rəqəmdən də yuxarıdır. Bir sözlə trilyonlar qazanan ölkənin insanı yaşam standartlarından aşağı həyat sürür. 15 il öncə 500 dollar civarında maaş alan müəllimin əmək haqqı günümüzdə 100 dollar civarındadır.
Bəs ölkənin yeraltı və yerüstü sərvətlərindən əldə edilən gəlir hara gedib?
Məsələ budur ki, rejim mənsubları əhaliyə Məhəmməd İslamı, Əli Ədaləti, Hüseyn fədakarlığı kimi mənəvi dəyərləri təzriq etməyə çalışsalar da, əslində özləri korrupsiya bataqlığında qərq oldular.
Peyğəmbər libasına bürünənlərin qurduğu siyasi sistemdə rüşvətin adiləşməsi isə bir başqa mənəvi böhranın göstəricisidir. Korrupsiya əməliyyatlarında rejimin sütunu sayılan SEPAH ( İnqilab Keşikçiləri korpusu) mənsublarının adları xüsusi qeyd edilməlidir.
Əhalinin əsas etirazlarından biri də rejimin yaratdığı qorxu, vəhşət və repressiv mühitlə yanaşı, sosial iqtisadi vəziyyətin də dözülməz olması ilə bağlıdır. Belə ki, Tehran küçələrində “Cavid Şah!” bağıranların əsas arqumentlərindən biri də mövcud sosial vəziyyətin hətta Pəhləvilər dönəmi ilə müqayisədə belə ağır olması ilə əlaqəlidir. Modern həyata, rifaha meylli İran toplumu ötən onilliyə qədər ən azı maddi cəhətdən qismən təmin edilirdisə, bu gün həmin imkandan da məhrumdur. Əvəzində ölkənin təbii sərvətlərindən əldə edilən vəsaitlərin Orta Şərqdə Hizbullahın, Həmasın, husilərin, zamanında Şamda BƏS rejiminin bəslənməsinə, illərlə okeanın o tayında Boliviya, Venezuela kimi rejimlərin ayaqda qalmasına sərf edilməsi İran əhalisinin haqlı narazılığı ilə üzləşir və bu faktor sonucda rejimə qarşı qəzəb, nifrət və kütləvi etirazlarla nəticələnirdi.
Təəssüf ki, avtoritar rejimlər zaman zaman bu gerçəyi müşahidə etsələr də, məhz insan mehvərli sistem olmadıqları üçün əhalinin durumunu görməzdən gələrlər və nəticə, göz önündə…
Rejimin anti insani mövqeyindən zara gələn toplum xarici müdaxiləyə belə sevinərək başına yağdırılan bombalara belə nicat mələyi kimi baxır. Halbuki bu coğrafyada yaşayanlar tarix boyu xarici müdaxilə müqabilində birliyini qorumuş toplumdur. Görünür 47 ildəki zülm, sitəm və haqsızlıqlar toplumun tarixi ənənə və psixologiyasıni da hədəf almışdır.
Bütün avtoritarlara görk olacaq tablodur…
Rüfət Muradlı