Ağstafa şəhəri Səadət Şükürova adına 3 nömrəli tam orta məktəbdə şagirdlərin xəsarət alması ilə nəticələnən hadisə cəmiyyətdə ciddi rezonans doğurub.
ELAZ.İNFO xəbər verir ki, doqquzuncu sinif şagirdlərinin səkkizinci sinif şagirdinə kəsici-deşici alətlə xəsarət yetirdiyi bildirilir. Hadisədə şübhəli bilinən şagirdlərin valideynləri bıçaqlanma iddialarını qəti şəkildə inkar edirlər. Onların sözlərinə görə, uşaqlar yaxın dostdurlar və hadisə tənəffüs zamanı sadəcə zarafatlaşarkən baş verib. Valideynlər iddia edirlər ki, uşağın bədəninə bıçaq deyil, təsadüfən məftil batıb.
Lakin rəsmi məlumatlar və polisə daxil olan ilkin xəbərlər “kəsici-deşici alətlə” yetirilən xəsarətdən bəhs edir ki, bu da hadisənin mahiyyəti ilə bağlı suallar doğurur. TƏBİB-in məlumatına görə, 2012-ci il təvəllüdlü zərərçəkmiş aprelin 21-də saat 14:10-da Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona “sol budun deşilmiş yarası” diaqnozu qoyulub, ilkin yardımdan sonra evə buraxılıb.
Məktəb rəhbərliyi isə hadisəni təsdiqləyərək bildirib ki, şagirdlər arasında yaranan mübahisə yüngül xəsarətlə nəticələnib. Məktəb ictimaiyyəti daha həssas olmağa və yalnız rəsmi açıqlamalara inanmağa çağırıb.
Ağstafa Rayon Polis Şöbəsi hadisə ilə bağlı dərhal hərəkətə keçib. VIII sinif şagirdi U.İ-yə xəsarət yetirən şəxsin saxlanılması və hadisənin real səbəblərinin (bıçaq və ya məftil olması) müəyyənləşdirilməsi istiqamətində təhqiqat davam edir.
Ruslan Məmmədov
