“Gənclərin enerjisi küçədə bıçağa yox, mədəniyyət evlərində yaradıcılığa yönəlməlidir”

Son günlər məktəblərdə və yeniyetmələr arasında baş verən silsilə xoşagəlməz hadisələr – istər Bakıda bir məktəblinin spirtlə yandırılması, istər Ağstafada baş verən bıçaqlanma olayı – cəmiyyət üçün ciddi həyəcan təbili çalır. Milli Cəbhə Partiyasının (MCP) təşkilat sədri Ruslan Məmmədov bu fəlakətlərin səbəbləri və həlli yolları barədə ELAZ.İNFO-ya geniş məqalə təqdim edib.

Ruslan Məmmədov qeyd edir ki, “Mədəniyyət evləri kağız üzərində yox, xalq üçün işləməlidir” bu hadisələrin başlıca səbəbi gənclərin enerjisini yönəldə biləcəyi məkanların faktiki olaraq əlçatmaz olmasıdır: “Mən əvvəlki müsahibələrimdə də demişəm, bu gün uşaq və yeniyetmələrin asudə vaxtını səmərəli keçirəcəyi yerlər yox dərəcəsindədir. Kitabxanalar, klublar, mədəniyyət evləri və idman kompleksləri bəzi məsuliyyətsiz icraçıların ucbatından ya yalnız kağız üzərində hesabat vermək üçün işləyir, ya dövlət tədbirlərindən-tədbirlərə qapılarını açır, ya da yüksək ödənişli xidmət göstərir. Maddi imkanı zəif olan ailənin övladı hara getməlidir? Təbii ki, küçəyə! Küçə isə onu ya bıçağa, ya da zərərli vərdişlərə yönəldir.”

“Uşaq pulu sadəcə yardım deyil, milli sığortadır”Təşkilat sədri vurğulayır ki, problemin iqtisadi həlli MCP sədri, deputat Razi Nurullayevin parlamentdə dəfələrlə qaldırdığı uşaq pulu məsələsindən keçir. Razi Nurullayevin bu istiqamətdəki prinsipial mövqeyinə stat gətirən Ruslan Məmmədov bildirib:

“Sədrimiz Razi Nurullayevin də qeyd etdiyi kimi, uşaq pulunun verilməsi ailələrin iqtisadi yükünü azaldar və valideynə imkan verər ki, övladını küçənin aqressiyasından uzaq tutub faydalı dərnəklərə yönəltsin. Uşaq pulu verilməyən hər ailə, əslində gələcək nəslin mənəvi boşluğa düşməsi riskini daşıyır.”

Ruslan Məmmədov tərbiyə prosesindəki boşluqlara da kəskin toxunub. O bildirib ki, bəzi bürokratik əngəllər müəllim və valideynin uşaq üzərindəki nüfuzunu sarsıdıb: “Mən qətiyyən zorakılığın tərəfdarı deyiləm, lakin uşaq kimdənsə çəkinməyəndə, böyük-kiçik yeri bilməyəndə nəticə budur. Bu gün müəllim və ya valideyn uşağı tənbeh etmək istəyəndə dərhal cərimə və məsuliyyət qorxusu ilə üzləşir. Uşaq mənəvi cəhətdən kimdənsə çəkinməlidir ki, özbaşınalıq etməsin. Təhlükəli olan odur ki, uşaq ailədən və müəllimdən yox, küçədəki ‘qəhrəmanlardan’ çəkinir.”

“Kəndlərimiz unudulmamalıdır”Salyandakı vəziyyəti təhlil edən təşkilat sədri qeyd edib ki, mərkəzdə imkanlar olsa da, kənd uşaqları kənarda qalıb: “Düzdür, Salyan mərkəzində şahmat klubu, muzey, kukla teatrı var. Amma kənddə yaşayan uşaq üçün o mərkəz əlçatmazdır. Hesablamalarımıza görə, rayon uşaqlarının 80 faizi imkansızlıq və şəraitsizlikdən bu mərkəzlərin üzünü görmür.”

Ruslan Məmmədov həmçinin regionda baş verən təxribatlara (məsələn, Ermənistanda bayraq yandırılması)-na da toxunaraq qeyd edib ki, sağlam gənclik hər cür təxribatın qarşısında duran ən böyük gücdür: “Əlbəttə, hər hansı bir ölkənin bayrağını yandırmaq heç bir halda düzgün deyil və mən bunu bəyənmirəm. Bu, bəlkə də sülh mərhələsində olan xalqları daima münaqişədə saxlamaq istəyən başqa qüvvələrin təxribatıdır. Biz gənclərimizi elə yetişdirməliyik ki, onlar bu cür ucuz təxribatlara deyil, yaradıcılığa və milli inkişafa köklənsinlər.”

Çıxış yolu: “Canlı ideallar” və real psixoloji dəstək

Ruslan Məmmədovun fikrincə, problemin mənəvi həlli yalnız kütləvi maarifləndirmə hərəkatı və milli yaddaşın bərpası ilə mümkündür: “Bizə qastrol səfərləri lazımdır. Amma bu səfərlər sadəcə bir nəfərin özündən danışması üçün deyil. Qastrola çıxan hər bir ziyalı uşaqların qarşısında elə bir mənzərə canlandırmalıdır ki, onlar kimin varisi olduqlarını dərk etsinlər. Biz uşaqlara öz dahilərimizi – dünyanı fəth edən möhtəşəm səslərimizi, qələmi ilə tarix yazan ədiblərimizi, elmi icadları ilə bəşəriyyətə işıq salan alimlərimizi, diplomatiyamızın və dövlətçiliyimizin sarsılmaz sütunlarını, səhnə fədailərimizi və qəhrəman sərkərdələrimizi tanıtmalıyıq. Hər bir sahədə – musiqidən elmə, ədəbiyyatdan hərb sənətinə qədər uşaqlarda bir milli ideal formalaşmalıdır. Əgər biz bu gün öz canlı və tarixi əfsanələrimizi təbliğ edib uşaqlara örnək göstərməsək, onlar küçənin qaranlıq ‘qəhrəmanlarını’ özlərinə büt seçəcəklər.”

Təşkilat sədri vacib bir məqama – valideyn amilinə də toxunub: “Nəzərə alsaq ki, bu gün məktəblilərin əksəriyyətinin valideynləri gənc ailələrdir, deməli, onların özlərinin də maariflənməyə ciddi ehtiyacı var. Bu cür görüşlər tək uşaqlar üçün deyil, həm də gənc valideynlər üçün yol xəritəsi olmalıdır.” Məktəblərdəki psixoloji xidmətin vəziyyətinə gəlincə, Ruslan Məmmədov köklü islahat təklif edir: “Məktəblərdə psixoloqlar sadəcə jurnal doldurmaq üçün yox, real fəaliyyət üçün olmalıdırlar. Hesab edirəm ki, məktəblərdə xüsusi ‘Psixoloq saatı’ ayrılmalıdır – həm fərdi, həm də ümumi şəkildə. Hətta uşaqlar ildə ən azı 4 dəfə psixoloji müayinədən keçməli və bu barədə rəsmi sənəd təqdim etməlidirlər. Bu müayinələr həm valideynin öz övladını, həm də müəllimin öz şagirdini daha yaxından tanımasına, onun psixoloji vəziyyətini anlamasına şərait yaradar. Əgər biz uşağın daxili dünyasındakı gərginliyi vaxtında görə bilsək, gələcəkdə baş verə biləcək neçə-neçə xoşagəlməz hadisənin qarşısını əvvəlcədən almış olarıq. Problem yalnız polis və ya cəza ilə həll olunmur; bürokratiya dövlətin gənclər üçün yaratdığı imkanları kağız üzərində dondurmamalı, gənclərin asudə vaxtını kütləvi mənəvi hərəkata çevirməlidir.”

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın