Köpük yaxın zamanlarda partlayacaq

-“2025-ci ildə Texasda ABŞ-ın ən böyük süni intellekt data mərkəzinin (SİDM) tikintisi böyük bir təntənə ilə elan edildi. Ştatın şimal hissəsində 17 GVt-lıq “Fermi” habı, onu enerji ilə təmin etmək üçün Amerikada ilk dəfə kiçik modul AES-ləri tikilməli idi”.

ELAZ.İNFO-ya danışan Asif Şəfəqqətov bildirir ki, “Layihənin dəyəri $90 milyard qiymətləndirilmişdi. SİDM Manhetten adasının yarısı boyda olmalı və Nyu-York şəhərindən 3 dəfə çox enerji istehlak etməli idi. Layihəyə Texasın sabiq qubernatoru və Trampın yaxın dostu Rik Perri rəhbərlik edirdi.

ABŞ artıq ənənəyə çevrildiyi üçün SİDM-ə Trampın adı verildi. Lakin tezliklə məlum oldu ki, belə nəhəng layihə üçün resurslar çatmır. Belə layihələrin əsas investorları olan Körfəz ölkələri əvvəl layihəyə sərmayə qoymağa tələsmədilər, İranla müharibə başlayandan sonra isə ondan imtina etdilər – indi onların özlərinə nəhəng investisiyalar lazımdır”.

Asif Şəfəqqətov qeyd edir ki, “Layihənin səhmləri son 6 ayda 70% ucuzlaşıb, rəhbərliyi kütləvi şəkildə istefa verir. Trampın komanda üzvləri sözün əsl mənasında onların başına qışqıraraq, dərhal nəticə göstərmələrini tələb edirlər, amma layihəni iflasdan xilas etmək mümkünsüz görünür…

Ümumiyyətlə, süni intellekt sahəsində qabaqcıl şirkətlərdən heç biri mənfəət gətirmir. Onlar gələcək böyük mənfəət vədləri ilə layihələrinə yüz milyardlarla sərmayə cəlb ediblər. ABŞ iqtisadiyyatının 2025-ci il üzrə artımını yalnız süni intellekt layihələrinə qoyulan sərmayələr təmin edib. Qalan sahələrdə ya artım olmayıb, ya da geriləmə olub”.

Asif Şəfəqqətov onu da deyir ki, “Faktiki olaraq, süni intellekt köpüyü şişirdilib. Bu dünya tarixində ən böyük maliyyə köpüyüdür. İqtisadçılar onun partlayacağını keçən ildən proqnoz verirlər. İran müharibəsinin Körfəz ölkələrini süni intellekt layihələrinin investorları sırasından çıxarması isə onu deməyə əsas verir ki, köpük yaxın zamanlarda partlayacaq.

Dünyanın ən böyük köpüyü partlayanda ABŞ iqtisadiyyatına çox güclü zərbə dəyəcək, onun fəsadları bütün dünya üçün də böyük olacaq”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın