Ermənistanın paytaxtı İrəvanda keçirilən məşəl yürüşü zamanı iştirakçılar Türkiyə bayrağını yandıraraq növbəti dəfə nifrət və təxribata yol veriblər.
ELAZ.İNFO xəbər verir ki, hadisə qondarma “erməni soyqırımı”nın 111-ci ildönümü ilə bağlı təşkil edilən aksiya zamanı baş verib. Daşnaksütun partiyasının gənclər qolu tərəfindən təşkil edilən yürüş Respublika meydanından başlayıb. Minlərlə insanın iştirak etdiyi aksiya zamanı meydanda toplaşan kütlə Türkiyə bayrağını nümayişkaranə şəkildə yandıraraq şüarlar səsləndiriblər. “Daşnaksütun” nümayəndəsi İşxan Saqatlyan aksiyada çıxış edərək revanşist ideyalarını bir daha dilə gətirib.
Məşəllərlə hərəkət edən kütlənin əlində Ermənistan bayraqları ilə yanaşı, separatçıların rəmzləri də yer alıb. Qeyd edək ki, Türkiyə tərəfi tarixi hadisələrin siyasiləşdirilməsinə və bu cür nifrət dolu aksiyalara hər zaman kəskin etirazını bildirib, arxivlərin açılmasını və tarixin siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmasını təklif edib.
İrəvanda baş verən bu son olay regionda sülh və barışıq cəhdlərinə qarşı Ermənistandakı radikal qüvvələrin hələ də ciddi maneə olduğunu bir daha sübut edir.
Ruslan Məmmədov
