Masallı rayonunda bəşəriyyət tarixinin ən ağır texnogen qəzalarından olan Çernobıl faciəsinin 40-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.
ELAZ.İNFO xəbər verir ki, 24 aprel 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov faciənin nəticələrinin aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri — Çernobıl veteranları ilə bir araya gəlib. Görüşdə çıxış edən rayon rəhbəri bildirib ki, canı bahasına dünyanı daha böyük fəlakətdən xilas edən qəhrəman masallılıların şücaəti heç vaxt unudulmur. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində Çernobıl əlilləri və veteranları hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunurlar. Veteranlar çıxış edərək sağlamlıqlarını itirdikləri o ağır illərdən sonrakı fəaliyyətlərindən söz açıblar. Onlar sosial təminatın yaxşılaşdırılması və sağlamlıqlarının bərpası istiqamətində dövlət tərəfindən atılan ardıcıl addımlara görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda veteranların müraciətləri fərdi qaydada dinlənilib və qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Görüş xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Ruslan Məmmədov
