70 dərəcə istiyə tab gətirən canlı tapıldı: Alimlər təəccübləndi

25.09.2026

ELAZ.İNFO xəbər verir ki, alimlər canlıların dözə biləcəyi temperaturla bağlı təsəvvürləri dəyişdirə biləcək yeni kəşfə imza atıblar.

ABŞ-ın Kaliforniya ştatındakı Lassen vulkanik ərazisinin isti bulaqlarında indiyədək elmə məlum olmayan “Incendiamoeba cascadensis” adlı amöb növü aşkarlanıb.

Mikroskopik canlı 63 dərəcə Selsidə qidalana və çoxala bilir. Daha da maraqlısı odur ki, amöb 70 dərəcəyə qədər temperaturun qısamüddətli təsirindən sonra sağ qala və bərpa oluna bilir.

Tədqiqatçılar müəyyən ediblər ki, canlı yüksək temperatur zamanı formasını dəyişir və özünü qoruyan xarici təbəqə yaradır. Onun genetik xüsusiyyətləri də yüksək istilik şəraitində hüceyrələrin qorunmasına kömək edir.

Araşdırma göstərir ki, bu amöb mürəkkəb hüceyrəli canlılar üçün əvvəllər qəbul edilən temperatur həddini genişləndirir. Nəticələr Cell jurnalında dərc olunub.

Alimlər hesab edirlər ki, belə ekstremal mühitlərdə hələ kəşf edilməmiş başqa canlıların da olması mümkündür. Yeni tapıntı Yer kürəsində həyatın hansı şəraitdə mövcud ola biləcəyi ilə yanaşı, başqa planetlərdə həyat axtarışları baxımından da maraq doğurur.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁16