Azərbaycan maqlara aid atəşgahlar yurdudur: İngilis şərqşünas Henri Roulinson

Sizlərə bu günlərdə oxuduğum bir kitabdan Azərbaycan ilə bağlı maraqlı qeydləri təqdim edirəm. Kitabın müəllifi bu əsəri yazana qədər indiki İran adlanan dövlətin ərazisində uzun müddət araşdırmalar aparmış, Bisütun kitabələrini yazıya köçürmüş və dünyada ilk dəfə bu işi görən alimdir.

Henri Roulinson ingilis mənşəli və XIX -cu əsrin ən görkəmli şərqşünas alimlərindən biridir. O, tarix elmində daha çox “Assiriologiyanın atası” və qədim yazıları oxuyan şəxs kimi qəbul edilir.

Onun illərlə əziyyət çəkib yazdığı “Qədim Şərq Dünyasının Beş Böyük Monarxiyası” kitabı 1862-ci ildə Londonda çap edilmişdir.

O, uzun illər Şərq ölkələrində diplomatik xidmətdə olduğu üçün Azərbaycan və Mesopotamiya coğrafiyasını qarış-qarış gəzmiş, qədim abidələri şəxsən görüb, oxuyub, tərcümə edib və yazıb.
Roulinson iddia edir ki, regionun ən qədim sakinləri ari milləti və dilli deyil, Skit adlanan Turan dilli xalqlar olub.

O, Elam və Midiya ərazilərindəki qədim yazıların dilini təhlil edərək, onları Skit adlandırır ki, bu da Avropa elmində Türk sözünün sinonimi kimi işlənirdi. Müəllif qədim yazılarla tanış olandan sonra iddialı şəkildə çıxış edərək yazır Midiyanın ən qədim tayfalarından olan Maqlar ari deyil, Turan dilli idilər:

“”Biz qəbul etməliyik ki, Midiyanın qədim sakinləri olan bu ‘Skit’ tayfaları öz mədəniyyətlərini qonşu ari tayfalarına aşılamışlar. Zərdüştiliyin ən mühüm ritualları — odun müqəddəsliyi, kəhanətlər və magiya — arilərə yox, məhz bu şimaldan və mərkəzdən gələn ‘Turanlılara’ məxsusdur.”-bu cümlələr kitab barədə 1847-ci ildə “Journal of the Royal Asiatic Society” jurnalındakı məqaləsində də qeyd edilib.

O hesab edirdi ki ,zərdüştiliyin ritualı kimi təqdim edilən oda, suya və yerə tapınma əslində arilərə aid deyil, Turanlıların gətirdiyi bir “Skit” dinidir.
Kitabda diqqətimizi çəkən dil məsələsinə aid olan bölümdür ki, müəllif tərcümə etdiyi qədim yazıları bir biri ilə tutuşdurur və yazır ki, Midiya sözləri və adları Turan dillərindən yaranıb..Roulinson bu dili müasir Türk, Tatar və Macar dilləri ilə müqayisə edir və onların qohum olduğunu yazır.
İngilis şərqşünası qeyd edir :
“Atropatena qədim dövrlərdən bəri həm coğrafi, həm də dini baxımdan bu “Turanlı” maqların mərkəzi olub”

O, Azərbaycanı sadəcə bir coğrafi ərazi kimi deyil, zərdüştlüyün və qədim “Turan” sivilizasiyasının ana vətəni kimi təqdim edir. Roulinson Azərbaycanın qədim adı olan Atropatena üzərində linqvistik təhlillər aparmışdır:
O, bu adı “Odlar yurdu” və ya “Odun qorunduğu yer” kimi izah edir.

Roulinson yazır:
“Azərbaycan ərazisi qədimdən “Turan” dünyası ilə “Pers” dünyası arasında bir keçid zonası idi, lakin bölgənin dini və mədəni fundamenti məhz bu yerli Turanlı tayfalar tərəfindən qoyulub”

Kitabında daha maraqlı bir cümlə belədir:
“Azərbaycan sadəcə bir əyalət deyil, o, qədim Şərq dünyasının ən böyük dini ocağı idi. Zərdüşt bu torpaqların yetirməsidir və onun gətirdiyi islahatlar Midiyanın qədim Turanlı maqlarının inancından süzülüb gəlmişdir.”
Zərdüştün öz təlimini yaymaq üçün sığındığı və dəstək aldığı ən böyük kütlə Turanlı tayfalar idi deyə yazan müəllif qeyd edir ki, onlar at belində yaşayan, ox atan və Azərbaycan-Orta Asiya oxunda hərəkət edən Skit tayfalarının adıdır.

Kitabına nəticə olaraq isə müəllif yazır :

“Zərdüşt sadəcə bir din gətirmədi, o, kənd təsərrüfatını və oturaq həyatı müqəddəsləşdirdi. Bu isə, Azərbaycanın bərəkətli torpaqlarında yaşayan və ‘Turanlı’ əcdadlarından gələn təbiət sevgisini qoruyan insanlar üçün ən uyğun qanun idi.”

Ps: Qeyd edim ki, bütün bu sözlər sırf müəllifə aiddir və heç bir əlavə cümlə edilməyib.

ZaurƏliyev

Prof.Dr.

Bizi izləyin və paylaşın