ELAZ.İNFO Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatına əsasən xəbər verir ki, iki il ərzində Xocalının Daşbulaq kəndi ərazisində 163 hektar sahədə super intensiv tipli tut bağı salınıb. Əkin işləri zamanı hər hektarda 10 min ədəd ting əkilib və yüksək məhsuldarlıq əldə olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müşaviri İmran Cümşüdov bildirib ki, Xocalıda həyata keçirilən kənd təsərrüfatı layihələri təkcə istehsalın artırılmasına deyil, həm də “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, Daşbulaq kəndində salınmış super intensiv tut bağlarında və baramaçılıq təsərrüfatında yerli sakinlər üçün yeni iş yerləri yaradılıb.
İ.Cümşüdovun sözlərinə görə, gələcəkdə baramaçılıq təsərrüfatının genişləndirilməsi ilə daha çox sakinin işlə təmin edilməsi nəzərdə tutulur.
Aydan
