Xankəndidə MDB ölkələrinin antiinhisar siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

ELAZ.İNFO xəbər verir ki, Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası öz işinə başlayıb. Görüşdə rəqabət siyasəti, antiinhisar tənzimlənməsi və bu sahədə dövlətlərarası əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.
İclasda, həmçinin MDB İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Komissiyasının, Regional Rabitə Birliyinin və Antiinhisar Ekspertləri Assosiasiyasının təmsilçiləri yer alırlar.
MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası Birlik çərçivəsində antiinhisar siyasətinin əlaqələndirilməsi və rəqabətin inkişafına dəstək verilməsi məqsədilə fəaliyyət göstərən qurumlardan biridir. Şuranın əsas istiqamətlərindən biri iştirakçı dövlətlər arasında bu sahədə əməkdaşlığın gücləndirilməsi və antiinhisar tənzimlənməsi ilə bağlı yanaşmaların əlaqələndirilməsidir.
MDB məkanında antiinhisar siyasəti üzrə əməkdaşlığın hüquqi əsaslarından biri 1993-cü il dekabrın 23-də imzalanmış “Antiinhisar siyasətinin həyata keçirilməsi haqqında” Müqavilə ilə formalaşıb. Həmin sənəd Birliyə üzv dövlətlərin hökumət başçıları tərəfindən razılaşdırılıb və bu sahədə birgə fəaliyyətin əsasını qoyub.
Xankəndidə keçirilən 61-ci iclas da iştirakçı ölkələrin müvafiq qurumları arasında təcrübə mübadiləsi və əməkdaşlığın davam etdirilməsi baxımından əhəmiyyət daşıyır.
İlahə BAYINDIR




