Milli Məclisin deputatı Könül Nurullayeva İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinin ildönümü münasibətilə ölkəmizin idman siyasətini və beynəlxalq arena uğurlarını şərh edib.
ELAZ.İNFO xəbər verir ki, deputat Könül Nurullayeva öz məqaləsində 31 iyul 1997-ci ildə İlham Əliyevin ilk dəfə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsini ölkə idmanının dönüş nöqtəsi kimi dəyərləndirib.
Könül Nurullayeva vurğulayıb ki, məhz bu tarixi qərar sayəsində ölkədə Olimpiya hərəkatının sistemli inkişafına hesablanmış uzunmüddətli strateji kursun əsası qoyuldu.
Olimpiya hərəkatının bünövrəsi və dövlət dəstəyi
Millət vəkili Könül Nurullayevanın sözlərinə görə, 1990-cı illərin ortalarında Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirmək, iqtisadi sabitliyi təmin etmək və yeni inkişaf modelini formalaşdırmaq kimi mühüm vəzifələrlə üz-üzə idi. K.Nurullayeva diqqətə çatdırıb ki, belə bir şəraitdə idman yalnız yarışlarda iştirak və medal qazanmaq vasitəsi kimi deyil, ölkənin beynəlxalq nüfuzunun artırılması, sağlam həyat tərzinin təşviqi və vətənpərvər gənc nəslin formalaşdırılması istiqamətində mühüm dövlət siyasəti kimi müəyyənləşdirildi.
Deputat Könül Nurullayeva əlavə edib ki, bu yanaşma qısa müddətdə real nəticələr verdi. Azərbaycanın müxtəlif bölgələrində müasir Olimpiya İdman Kompleksləri tikildi, idman federasiyalarının fəaliyyəti gücləndirildi, milli komandaların hazırlıq sistemi beynəlxalq standartlara uyğunlaşdırıldı və idmançılara göstərilən dövlət dəstəyi genişləndirildi. Könül Nurullayeva qeyd edib ki, artıq 2000-ci illərin əvvəllərində Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq Olimpiya ailəsinin nüfuzlu üzvlərindən birinə çevrilərək digər ölkələr üçün uğurlu idarəetmə modeli kimi təqdim edilməyə başladı.
Mötəbər yarışlar və beynəlxalq etibar
Məqaləsində idman siyasətinin sonrakı mərhələlərini təhlil edən Könül Nurullayeva bildirib ki, sonrakı illərdə bu strategiya Azərbaycanın idman uğurlarını daha da genişləndirdi. Olimpiya Oyunlarında qazanılan medalların sayı artdı, dünya və Avropa çempionları yetişdi. K.Nurullayevanın fikrincə, Azərbaycan eyni zamanda Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları kimi mötəbər yarışları yüksək səviyyədə təşkil etməklə beynəlxalq idman təşkilatlarının etibarlı tərəfdaşı statusunu qazandı.
Könül Nurullayeva xatırladıb ki, Prezident İlham Əliyev Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlarla bağlı vurğulayıb:
“Biz güclü idman dövlətləri arasındayıq. Bütün dünyaya göstəririk ki, Azərbaycanda idman inkişaf edir, gözəl gənc nəsil yetişir və idman hər bir ölkənin ümumi inkişafının təzahürüdür.”
Könül Nurullayeva diqqətə çatdırıb ki, bu fikir ötən illər ərzində həyata keçirilən dövlət siyasətinin nəticəsini aydın şəkildə ifadə edir. Bu gün idman ölkənin beynəlxalq nüfuzunun, sosial inkişafının və müasir dövlət idarəçiliyinin mühüm göstericilərindən biri kimi qiymətləndirilir.
Zəfər ruhu və qalib ölkənin idmançıları
44 günlük Vətən müharibəsinin idman sahəsinə təsirinə toxunan parlamentari Könül Nurullayeva qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan idmanına yeni məsuliyyət gətirdi. Bu gün beynəlxalq yarışlarda çıxış edən idmançılar qalib xalqı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövləti təmsil edirlər. Könül Nurullayeva xüsusi olaraq vurğulayıb ki, üçrəngli bayrağın beynəlxalq arenalarda yüksəlməsi və Dövlət Himnimizin səslənməsi həm də Azərbaycanın müasir gücünün və milli qürurunun rəmzinə çevrilib.
Deputat Könül Nurullayevanın dəyərləndirməsinə görə, Prezident İlham Əliyevin “Biz qalib xalqıq, qalib dövlətik və bundan sonra əbədi yaşayacağıq” fikri idman sahəsində də yeni vəzifələr yaradır. Qalib ölkənin idmançısı olmaq isə yüksək nəticə əldə etməklə yanaşı, Azərbaycanın nüfuzunu, qalib xalqın iradəsini və dövlətçilik ənənələrini beynəlxalq arenalarda layiqincə təmsil etmək deməkdir.
Könül Nurullayeva dövlət başçısının idmanın əsas missiyası ilə bağlı fikirlərini də sitat gətirib:
“Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki və mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərir ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.”
Deputat Könül Nurullayeva məqaləsinin yekununda bildirib ki, bu gün Azərbaycan idmançılarının qazandığı hər medal ölkənin beynəlxalq nüfuzunun artmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və dövlətimizin müasir simasının tanıdılmasına xidmət edir.
Könül Nurullayeva fikirlərini bu sözlərlə yekunlaşdırıb:
31 iyul 1997-ci ildə əsası qoyulan inkişaf strategiyası özünü tam doğruldub. Azərbaycan Olimpiya hərəkatı beynəlxalq idman ailəsinin nüfuzlu hissəsinə çevrilib, ölkəmiz isə idman sahəsində həm qalib, həm də etibarlı tərəfdaş kimi tanınır.
Könül NURULLAYEVA
Milli Məclisin deputatı


