Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası tərəfindən kitablar hədiyyə edilib
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilən tədbirlər davam edib.
ELAZ.İNFO xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Türkiyə Cumhurbaşkanlığı Külliyəsində yerləşən Millət Kitabxanasında təşkil olunan görüş və kitab təqdimatı olub. Təqdimat zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış ideyasına həsr olunmuş 30-a yaxın elmi və publisistik nəşr Millət Kitabxanasına hədiyyə edilib.
Tədbir çərçivəsində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı və layihənin rəhbəri Məlahət İbrahimqızı tərəfindən kitabxanaya Qərbi Azərbaycanın 1903-cü ildə Çar Rusiyası tərəfindən hazırlanmış hərbi-topoqrafik xəritəsi də təqdim olunub.
Təqdimat mərasimində Millət Kitabxanasının direktoru Ayhan Tuğlu, Türkiyə Prezidentinin baş müşaviri, Qarabağ mövzusunda çoxsaylı elmi araşdırmaların müəllifi, professor Seyit Sərtçəlik və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən Məlahət İbrahimqızı və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova təqdim olunan nəşrlər barədə ətraflı məlumat verərək, onların Qərbi Azərbaycanın tarixi yaddaşının qorunması, mədəni irsinin təbliği və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbirdə nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı və Səbinə Salmanova, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, ADPU-nun dekanı dosent Könül Həsənova, Ziyalılar Şurasının üzvü, Azərbaycan Dillər Universitetinin kafedra müdiri və Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri dosent Həqiqət Hacıyeva, BDU-nun dosenti Xatirə Mehdiyeva, Azərbaycan Milli Tarix Muzeyinin departament rəhbəri, etnoqraf alim dosent Gülzadə Abdulova və İcmanın Qadınlar Şurasının üzvü Ülviyyə Allahverdiyeva da təmsil olunublar.
Millət Kitabxanasında keçirilən təqdimat mərasimi ilə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Ankarada təşkil olunan tədbirlər proqramı başa çatıb.
