TÜRK DÖVLƏTLƏRİ FEDERASİYASI (TURAN BİRLİYİ)

Asiyanın orta göbəyində dövlət quran Çingiz xan “dənizdən – dənizə” ideologiyasını  başlıca mərama çevirməklə Doğudan-Batıya böyük bir imperiya yaratmışdı. Ruslar, dənizlərlə heç bir əlaqəsi olmayan Kiyev-Rus dövlətini yaratdıqda, “dənizdən – dənizə” (əslində isə “okeandan – okeana”- Şimal Buzlu okeanından – Hind okeanına) ideologiyası əsasında böyük bir imperiya qura bildilər. Heç vaxt heç bir dövləti olmayan ermənilər “dənizdən – dənizə” ideyasını mənimsəyib “Böyük Ermənistan” yaratmaq xülyası ilə, kiçik də olsa forpost bir “Ermənistan” yaratdılar.

Bu fikirləri ona görə yazıram ki, xalq (və ya millət) özü üçün ideoloji “silah”(ideologiya) yaratmadan, bu dünya savaşındakı xəlvəti “vuruşlarda”  davam gətirə bilməz! Türk xalqları və bütünlükdə türk milləti üçün “Turançılıq”- belə bir aparıcı ideologiya – “silah” olmalıdır. Türk xalqlarını və bütünlükdə milləti bu “silahdan” məhrum etmək, onun varlığına son qoymaq məqsədi güdür. Bu səbəbdəndir ki, zaman-zaman Qərb dövlətləri, Rusiya və Çin “Turançılıq” ideologiyasının məhv edilməsinə çalışıblar və çox təəssüflər olsun ki, buna qismən nail ola biliblər.

Hesab edirəm ki, “Turançılıq” ideologiyası təkmilləşdirilərək müasirləşdirilməli və bütün Türk Dünyasında geniş təbliğ olunmalıdır. Müasir dövrümüzdə “Turançılıq” ideologiyasının mayasında nələr olmalıdır? Mənim subyektiv fikrimcə bu sualın cavabı aşağıdakı kimi olmalıdır:

  1. Türk xalqlarının mənəvi və mədəni (dil, mədəniyyət, təfəkkür, əxlaq) birliyini təmin etmək;
  2. Əsarət altında olan türk xalqlarının bağımsızlığını təmin etmək;
  3. Siyasi, iqtisadi, hərbi birliyi təmin edən Türk Dövlətləri Federasiyasını (Turan Birliyini) yaratmaq.

Hal-hazırda yer üzərində mövcud olan şərait “qloballaşma” deyilən müasir anlayışla səciyyələnir. Qloballaşmanın  beynəlxalq mühitə gətirdiyi bütün fəsadlara yalnız iri dövlətlər (Çin, Hinistan, ABŞ, Avropa Birliyi ölkələri və Rusiya) dözə biləcəklər. Qloballaşma “əjdahası” bütün kiçik dövlətləri (xalqları) “udub” məhv edəcəkdir. Məhz bu səbəbdən də, Türk Dövlətləri Federasiyasının (Turan Birliyiinin) yaradılması tarixi zərurətdir! Belə bir dövlətin yaradılması yuxarıda sadaladığım – Çin, Hinistan, ABŞ, Avropa Birliyi ölkələri və Rusiya – kimi dövlətlərə bərabər bir gücün yaranmasına səbəb olar və yalnız bu halda, onlarla birlikdə qloballaşma fəsadlarına qarşı dözümlü və dayanıqlı ola bilər. İkinci ən mühüm amil isə Türk Dövlətləri Federasiyasının (Turan Birliyinin) coğrafi mövqeyi və güclü siyasi-iqtisadi-hərbi potensialı ilə bağlıdır. Belə ki, yaradıldığı halda, bu dövlət Avropa İttifaqı  ilə Asiya dövlətləri arasında çox güclü əlaqələndirici və balaslaşdırıcı amilə çevrilə bilər!

Bu baxımdan, “Turançılıq” ideologiyası, təkcə Türk Dünyasına deyil, həm də  bəşəriyyətə xidmət ideologiyasına xidmət edər.

Ağasəf İMRAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir