Minskdə Keçirilən Beynəlxalq Konqresdə Azərbaycan Milli Kitabxanası Təmsil Olunub

30.10.2026

Belarusun paytaxtı Minsk şəhərində Belarus Respublikasının Mədəniyyət Nazirliyi və Belarus Milli Kitabxanasının təşkilatçılığı ilə “Kitabxana mədəniyyət fenomeni kimi” adlı XIII Beynəlxalq Konqres işinə başlayıb. Bu il “Qadının mədəniyyətdə rolu” mövzusuna həsr edilən möhtəşəm tədbirdə dünyanın onlarla ölkəsindən, o cümlədən Azərbaycan, Rusiya, Çin, Hindistan, Qırğızıstan və Özbəkistandan olan aparıcı mütəxəssislər bir araya gəliblər.

ELAZ.INFO xəbər verir ki, iki gün davam edən beynəlxalq forumda ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova layiqincə təmsil edir. Mötəbər tədbirin plenar iclasında çıxış edən Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanası: milli yaddaşın rəqəmsal gələcəyi” mövzusunda geniş məruzə və təqdimatla çıxış edib. O, yerli kitabxana işində rəqəmsal transformasiya, milli sənəd irsinin qorunması, elektron resursların zənginləşdirilməsi və süni intellekt texnologiyalarının tətbiqi sahəsində əldə olunan yenilikləri iştirakçıların diqqətinə çatdırıb.

Xüsusilə vurğulanıb ki, biblioqrafik məlumatların MARC 21 formatına uyğunlaşdırılması, açar sözlərin müəyyənləşdirilməsi və tətbiqi prosesində süni intellekt alətlərindən geniş yararlanılır. Bununla yanaşı, alqoritmlərin hazırladığı bütün məlumatların məsul mütəxəssislər tərəfindən ciddi şəkildə yoxlanıldığı və insan amilinin əsas prioritet olaraq qaldığı bəyan edilib.

Məruzədə ərəb, kiril və latın qrafikalı nadir kitabların, dövri nəşrlərin rəqəmsallaşdırılması, OCR texnologiyaları vasitəsilə axtarış imkanlarının genişləndirilməsi və xarici arxivlərdən Azərbaycana aid əlyazmaların elektron surətlərinin ölkəyə gətirilməsi istiqamətində görülen işlər də yüksək qiymətləndirilib.

Ruslan MƏMMƏDOV 🖋️

👁 160