Hörmüz boğazında təhlükəli hadisə: Neft tankerində partlayış və yanğın

Dünya enerji ticarətinin ən mühüm dəniz marşrutlarından biri olan Hörmüz boğazında yeni təhlükəsizlik hadisəsi qeydə alınıb.
ELAZ.İNFO Associated Press-ə istinadən xəbər verir ki, Oman yaxınlığında hərəkət edən neft tankerində partlayışdan sonra yanğın baş verib. Böyük Britaniyanın UKMTO dəniz təhlükəsizliyi qurumu gəminin su xəttinin üzərinə partlayıcı qurğu yerləşdirilmiş kiçik qayıqla hücuma məruz qaldığını bildirib.
Hadisə nəticəsində gəminin mühərrik bölməsi zərər görüb. İlkin məlumata əsasən, heyət üzvləri xəsarət almayıb və ətraf mühitə zərər qeydə alınmayıb.
İran İnqilab Keşikçiləri Korpusu isə ayrıca açıqlamasında üç tankerin mina partlayışına məruz qaldığını iddia edib. Bu iddia ilə bağlı bütün təfərrüatlar müstəqil şəkildə təsdiqlənməyib.
Hörmüz boğazında təhlükəsizlik vəziyyəti dünya bazarları üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu marşrutda yaranan hər hansı ciddi fasilə neft və qaz təchizatına, nəticədə isə enerji qiymətlərinə təsir göstərə bilər.




