Paytaxtda Sehrli Gecə: Bakı “Miyazaki Kainatı”na Qərq Olacaq

30.10.2026

Noyabrın 14-də Bakının tarixi və möhtəşəm mədəniyyət ocaqlarından biri olan Kamera və Orqan Musiqisi Zalında (Kirxa) məşhur yapon rejissoru Hayao Miyazakinin yaradıcılığına həsr olunmuş unikal, canlı şam nurunda multimediyalı konsert proqramı təşkil ediləcək.

ELAZ.INFO xəbər verir ki, musiqisevərləri animasiya dünyasının sehrli ab-havasına aparacaq tədbirdə əfsanəvi bəstəkar Co Hisaişinin unudulmaz əsərləri səsləndiriləcək. Konsert çərçivəsində dünya animasiya kino sənətinin incilərindən sayılan “Spirited Away” (Ruhlarla savrulmuşlar), “Howl’s Moving Castle” (Hovlun gəzən qəsri), “My Neighbor Totoro” (Mənim qonşum Totoro) və “Nausicaä of the Valley of the Wind” (Küləklər vadisindən Nausikaa) kimi cizgi şah əsərlərinin məşhur melodiyaları canlı ifa olunacaq.

Tədbirin özəlliyi yalnız musiqi ilə məhdudlaşmır. Zalın romantik şam işıqları ilə bürünəcəyi gecədə həmin ölməz ekran əsərlərindən unudulmaz kadrlar böyük ekranda nümayiş etdiriləcək. Bu isə tamaşaçılara həm vizual, həm də musiqili zövq yaşadaraq onları əsl Nağıl dünyasına səyahətə çıxaracaq.

Ruslan MƏMMƏDOV 🖋️

👁 290