Mediasiya Şurasında İlk Həmkarlar İttifaqı Təşkilatı Təsis Edilib

Mediasiya Şurasında təşkilatlanma istiqamətində mühüm addım atılaraq qurumun ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Əlamətdar hadisə ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mediasiya Şurasının təmsilçiləri ilə rəsmi görüş keçirilib.
ELAZ.INFO xəbər verir ki, tədbir iştirakçılarına öncə Konfederasiyanın son dövrlərdə həyata keçirdiyi köklü islahatlara həsr olunmuş xüsusi film təqdim edilib.
Görüşdə geniş nitq söyləyən AHİK sədri Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi potensialının artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların həmkarlar hərəkatına böyük təkan verdiyini bildirib. O, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın humanist və sosial təşəbbüslərinin bu prosesdəki xüsusi rolunu diqqətə çatdırıb. Qurumun fəaliyyətinə toxunan Sahib Məmmədov sistemdə rəqəmsal transformasiyanın tətbiq edildiyini, xidmətlərin əlçatanlığının yüksəldildiyini və sosial layihələrin miqyasının genəldildiyini vurğulayıb. AHİK rəhbəri Mediasiya Şurasında ilk HİT-in qurulmasını əməkdaşların hüquqlarının kollektiv müdafiəsi, sağlam iş mühitinin formalaşması və həmrəyliyin güclənməsi baxımından yüksək qiymətləndirib.
Öz növbəsində Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov ölkəmizdə mediasiya mexanizminin inkişaf dinamikasından, mübahisələrin altternativ və məhkəmədənkənar həllindəki strateji mövqeyindən söz açıb. Mediatorların peşəkar inkişafı, hüquqi və təşkilati dayaqlarının möhkəmləndirilməsi istiqamətindəki tədbirləri xatırladan Şura sədri, əməkdaşların həmkarlar ittifaqında birləşməsinin yeni imkanlar açacağını diqqətə çatdırıb.
Mərasimin sonunda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev Mediasiya Şurasının ilk həmkarlar ittifaqı təşkilatının Birliyə üzv qəbul olunmasını təsdiqləyən rəsmi sənədi təşkilatın rəhbəri Kamil Lətifova təqdim edib.
Ruslan MƏMMƏDOV 🖋️




