Yeni Media Layihəsinə Start Verildi

Bölgənin zəngin keçmişini və bügünkü intibahını işıqlandırmaq məqsədilə Salyanda mühüm təşəbbüsə imza atılıb. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” elan olunması münasibətilə “Qədim və müasir Salyan mediada” adlı yeni layihənin təqdimatı keçirilib.
ELAZ.INFO xəbər verir ki, Salyan Tarix-Diyarşünaslıq Muzeyində baş tutan tədbirdə rayon rəhbərliyi, tanınmış mətbuat nümayəndələri və ictimaiyyət təmsilçiləri bir araya gəliblər. Mərasim Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılışda çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən və infrastruktura gətirilən yeniliklərdən söz açıb. Layihənin rəhbəri, ARB Televiziyasının müxbiri Kürçaylı Məmmədov isə vurğulayıb ki, ana xəttini Salyanın qədim tarixi irsi, şəhərsalma mədəniyyəti və müasir inkişaf dinamikası təşkil edən bu təşəbbüs ilboyu müxtəlif istiqamətləri əhatə edəcək.
Diskussiya formatında davam edən tədbirdə mətbuat nümayəndələri Zabil Pərviz, Leyla Nəsirova, Space TV-nin əməkdaşı Yaqub Mehdioğlu, “Ana Kürüm” qəzetinin təsisçisi, “Tərəqqi” medallı jurnalist Rüstəm Məlikov, Salyan Media Platformasının rəhbəri Əli Səlimsoy və tarixçi-tədqiqatçı Sahib Həsənov çıxış edərək rayonun tarixi kökləri, müasir görünüşü və mövcud çağırışlar ətrafında dəyərli mülahizələrini bölüşüblər. Müxtəlif telekanalların Salyana həsr etdiyi xüsusi videoreportajların nümayiş olunduğu tədbir Salyan Rayon Mədəniyyət Mərkəzi solistlərinin təqdim etdiyi rəngarəng musiqi nömrələri ilə yekunlaşıb.
Mənbə: Salyan Media
Ruslan MƏMMƏDOV 🖋️




