28 May 1918- ci ildə Tiflisdə Azərbaycan Cümhuriyyəti elan edilərkən, eyni zamanda Ermənistan da öz müstəqilliyini elan etmişdi. Ərazisi və paytaxtı olmayan bir dövləti təbiidir ki, heç bir dövlət tanımayacaqdı. Bu səbəbdən, o zaman, Rusiyanın və eləcə də Türkiyənin təkidi ilə İrəvan şəhəri və onun ətrafında olan ərazilər (9 min kv. km.) ermənilərə güzəşt olunmuşdu ki, Ermənistan dövlət kimi tanına bilsin və o, Qarabağa olan iddialarından birdəfəlik əl çəksin. Lakin, sonrakı Sovet hakimiyyəti illərində (1920-1991) hərbi təcavüz yolu ilə və müxtəlif hiyləgərlik və bəhanələrlə Dilicanı, Zəngəzuru, Göyçə gölünü və digər əraziləri zəbt etməklə Azərbaycan torpaqları hesabına “özünün” 9 min kv.km.ərazisini 29.7 min kv.km.-yə qədər genişləndirə bilmişdi. Üstəlik, Sovet hökuməti dağılarkən, yenə də terror və təcavüz yolu ilə Azərbaycanın bütün Qarabağ ərazilərini işğal etməklə, ərazisini de-yure 31 min kv.km, de-fakto isə 41.7 min kv.km.-ə çatdırmışdır. Diqqət edin: 9 min kv.km və 41.7 min kv.km. Fərq-32.7 min kv.km.-dir və Ermənistanın ərazisindən 3 dəfədən artıq olan bu ərazi, yalnız Azərbaycan torpaqları hesabına bu qədər böyümüşdür! Bəs səbəb nədir? Səbəbi izah etmək həm çətin, həm də ağrılıdır! İlkin səbəb- Sovet hakimiyyətinin himayədarlığı, ikinci səbəb- erməni həyasızlığı, üçüncü səbəb isə- bizim asılı və unutqan olmağımızdır! Əgər Ermənistan hücumla (əlbəttə ki, himayədarlarının köməyilə) Dilicanı zəbt edəndən bir qədər sonra Azərbaycan hökumətindən bir “qapaz” alsaydı və bu torpaqlar geri qaytarılsaydı, sonradan Göyçəni, Zəngəzuru və digər torpaqları işğal etməyə həvəslənməzdi! Digər tərəfdən, əgər o, işğal etdiyi torpaqları ilhaq edib orada rahat yaşaya bilməsəydi, sonradan Qarabağa da iddia etməzdi! İşğal, ilhaq və rahat yaşayış şəraiti və cəzasızlıq “mühiti” Ermənistanın “iştəhasını” o qədər artırdı ki, o, BMT və dünya dövlətləri tərəfindən tanınmış müstəqil Azərbaycanın əraz bütövlüyünü pozaraq, Dağlıq Qarabağı yox, bütün Qarabağı işğal etdi. və bu gün də sürətlə silahlanmaqla revanşist xyallar qurur.
Əgər bu dövlət üçün “beynəlxalq normalar” və “bəşəri dəyərlər” heç nədirsə, o, ərköyün uşaq kimi öz istədiyini edirsə, onu cəzalandırmaq vaxtı deyilmi?! Ermənistan adlanan forpost dövləti öz əvvəlki “yerində” oturtmaq vaxtı deyilmi?!
Bəs necə?! Bu suala qədim atalar sözü ilə cavab vermək yerinə düşər:-”Pazı pazla çıxararlar!” Bəli, bunu biz hamımız və bütün dünya xalqları da bilməlidir ki, Ermənisran adlanan bu forpost dövlət Azərbaycan ərazisinə və bütün Türk Dünyasına sancılmış pazdır! İndi, bu pazı çıxartmaq vaxtıdır! Sonra gec ola bilər! Axı, himayədarlarına “şıllaq atan” bir forpostu cəzalandırmaq üçün bundan yaxşı şərait və imkan bir də ələ düşməyə bilər! Nə qədər ki, gec deyil, bu addım atılmalıdır!
Ağasəf İMRAN