Tanınmış hüquq müdafiəçisi ömürlük həbs cəzasına məhkum edildi

Pakistanın Bəlucistan əyalətində insan hüquqlarının müdafiəsi və qeyri-qanuni həbslərə qarşı fəal mübarizəsi ilə tanınan bəluc fəallara qarşı çıxarılan sərt məhkəmə hökmü beynəlxalq miqyasda və ölkə daxilində ciddi rezonans doğurub. Hüquq müdafiəçiləri bu addımı vətəndaş cəmiyyətinə və ifadə azadlığına qarşı ağır zərbə kimi qiymətləndirirlər.

ELAZ.İNFO xəbər verir ki, Pakistanın Kvettadakı Antiterror Məhkəməsi, Bəluc Yaxcehti Komitəsinin (BYC) lideri, tanınmış hüquq müdafiəçisi Dr. Mahrang Bəlucu və onun həmkarı Sibqatullahı ömürlük həbs cəzasına məhkum edib. Məhkəmə qərarı fəalların 2024-cü ilin iyulunda keçirilən etiraz aksiyası zamanı bir hərbçinin qətlə yetirilməsində iştirakı və terrorizm ittihamları ilə bağlıdır.

Rəsmi ittihama görə, Mahrang Bəluc Qvadar liman şəhərində nümayişçiləri hərbi qulluqçulara hücum etməyə təhrik edib və nəticədə əsgər Şabbir Bəluc qətlə yetirilib. Bəlucistan əyalətinin baş naziri Sərfəraz Buqti ədalətin bərqərar olduğunu bildirərək, “Dinc etiraz pərdəsi altında qanunu öz əlinə alanlar və dövlət rəsmilərini hədəf seçənlər, əslində terrorizmin tərəfdarlarıdır” bəyanatını verib.

Buna baxmayaraq, insan hüquqları müdafiəçiləri məhkəmə prosesini kəskin tənqid edərək onun ədalətsiz olduğunu bildiriblər. 2025-ci ilin martından bəri həbsdə olan Mahrang Bəluc və həmkarı onlayn (video-əlaqə) formatda keçirilən məhkəmə iclaslarını boykot ediblər. BYC təşkilatının nümayəndələri bu hökmün əyalətdə dövlətə olan onsuz da zəif inamı daha da sarsıdacağını və gənclər arasında müqaviməti artıracağını xəbərdar edərək, əyalət miqyasında etiraz tətili elan ediblər.

Fəalın vəkili İsrar Catak mətbuata açıqlamasında məhkəmənin qərarının əsassız olduğunu və yaxın günlərdə bu hökmdən Bəlucistan Ali Məhkəməsinə apellyasiya şikayəti verəcəklərini bəyan edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın