Strateji Obyektlər Və Enerji Şəbəkəsi Hədəf Alınıb


Bazar gününə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Sankt-Peterburq şəhəri və ətraf vilayətin strateji, sənaye, rəqəmsal və enerji infrastrukturlarına qarşı irimiqyaslı uzaq mənzilli PUA hücumu həyata keçirib.
ELAZ.INFO xəbər verir ki, koordinasiyalı şəkildə təşkil olunmuş hücum nəticəsində Rusiyanın Baltik dənizindəki ən böyük neft məhsulları aşırma kompleksi, iri məlumat mərkəzi və kritik elektrik yarımstansiyası ciddi zərər görüb. Hücumun əsas hədəflərindən biri Rusiyanın Baltik dənizi sahilindəki ən nəhəng neft logistikası obyektlərindən sayılan Sankt-Peterburq Neft Terminalı olub. Eyni zamanda, Rusiyanın texnologiya giqantı olan “VKontakte” (VK) şirkətinə məxsus 63 meqavatlıq nəhəng datamərkəzi də dron zərbələrinə məruz qalıb.
Ən ağır fəsadlardan biri enerji sistemində qeydə alınıb. “Vostoçnaya” 330 kV-luq elektrik yarımstansiyasına edilən hücum nəticəsində yüksək gərginlikli xətlər qırılıb, Sankt-Peterburq şəhərinin bir sıra rayonlarında və Leninqrad vilayətində kütləvi elektrik kəsintiləri (blakaut) yaşanıb. Dronlar həmçinin şəhərin şimalı ilə cənubunu birləşdirən və mühüm logistik xətt sayılan məşhur asma körpünü hədəf alıb. Bu zərbələr yerli təchizat zəncirində ciddi fasilələr yaradıb. Hücum təhlükəsi səbəbindən Rusiyanın ən iri hava limanlarından biri olan Pulkovo Beynəlxalq Hava Limanı fəaliyyətini tam dayandıraraq təxminən 6 saat bağlamaq məcburiyyətində qalıb.





