“Azərbaycan AQEM-də də etibarlı tərəfdaş kimi qəbul olunur”

19.10.2026

Milli Məclisin deputatı Könül Nurullayeva Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Görüşünün yekunları barədə məqalə ilə çıxış edib. Deputat bildirib ki, Zirvə Görüşü vacib qərarlar və strateji mesajlarla yadda qalıb.

ELAZ.INFO xəbər verir ki, tədbirin ən mühüm nəticələrindən biri Azərbaycanın AQEM-ə sədrliyinin 2028-ci ilədək uzadılması olub. Üzv dövlətlərin bu qərara yekdil dəstəyi ölkəmizə göstərilən beynəlxalq etimadın və Azərbaycanın uğurlu diplomatik fəaliyyətinin bariz nümunəsidir.Könül Nurullayeva vurğulayıb ki, Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı beynəlxalq münasibətlər sistemində mövcud problemlərə prinsipial yanaşma idi. Dövlət başçısı beynəlxalq hüququn aliliyinin təmin olunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, ikili standartlara son qoyulmasının vacibliyini diqqətə çatdırıb.

Xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər icrasız qalması ilə bağlı səsləndirilən fikirlər beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi üçün təsirli mexanizmlərin yaradılması zərurətini bir daha gündəmə gətirib. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra Ermənistana sülh təklif etməsi də dövlətimizin regional sabitliyə verdiyi önəmin göstəricisidir.

Deputatın sözlərinə görə, Zirvə Görüşündə həmçinin iqtisadi və nəqliyyat əlaqələri, rəqəmsallaşma və yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq iradə nümayiş etdirilib. Trans-Xəzər fiber-optik xətti, Xəzər Yaşıl Enerji Dəhlizi Beynəlxalq nəqliyyat marşrutlarının inkişafı.

Bu təşəbbüslər Azərbaycanın Avrasiyada strateji bağlantı mərkəzi kimi rolunun daha da gücləndiyini göstərir. Tədbir çərçivəsində Bakı Bəyannaməsinin qəbul edilməsi və AQEM-in tamhüquqlu beynəlxalq təsisata çevrilməsi istiqamətində addımlar atılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁27