Hörmüz boğazında gərginlik artır: Neft tankerləri yenidən hədəfdə

19.10.2026

ELAZ.İNFO xəbər verir ki, son günlər Hörmüz boğazında vəziyyət yenidən kəskinləşib. Boğazdan gizli şəkildə keçməyə çalışan tankerlərin sayının artdığı bildirilir. İran isə sərt mövqeyini davam etdirərək, belə gəmilərə zərbələr endirib. Məlumatlara görə, bəzi gəmilər dəniz minalarına düşərək partlayıb.

Tehran daha əvvəl verdiyi xəbərdarlıqlara uyğun olaraq, təhlükə zonasını Oman körfəzinə qədər genişləndirib. Burada azı iki neft tankerinin hücuma məruz qaldığı bildirilir. Gəmilərdən birində yanğın baş verib, digərindən isə dənizə xeyli miqdarda neft sızdığı qeyd olunur. İlkin ehtimallara əsasən, hər iki tanker nefti başqa gəmilərə ötürməyə hazırlaşırmış.

Bununla belə, diqqətçəkən əsas məqamlardan biri İranın sahillərindən xeyli uzaqda hərəkət edən gəmiləri necə aşkarlamasıdır. Atəşkəs barədə məlumatlara baxmayaraq, ABŞ hərbi aviasiyasının İranın uzaqmənzilli sahil radarlarına qarşı əməliyyatlarını davam etdirdiyi bildirilir. Bu şəraitdə İranın dənizdəki hədəflər barədə məlumatı hansı vasitələrlə əldə etməsi suallar doğurur.

Bu yaxınlarda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki AN-1Z Viper döyüş helikopterinin İranla əlaqəli olduğu bildirilən kiçik yük gəmisinə zərbə endirməsini əks etdirən video yayıb. ABŞ tərəfinin açıqlamasına görə, gəmi Hörmüz boğazından keçən gəmiləri izləmək üçün istifadə olunurdu. Videoda gəminin Hellfire tipli iki raketlə vurulduğu və nəticədə batdığı görünür.

Dənizdə müşahidə aparan kiçik gəmilərdən istifadə isə region üçün yeni taktika deyil. 1980-ci illərdə İran-İraq müharibəsi zamanı baş verən və tarixə «tanker müharibəsi» adı ilə düşən qarşıdurmada hər iki tərəf ticarət gəmilərinin hərəkətini izləmək, məlumat toplamaq və neft daşımalarına zərbələr endirmək üçün müxtəlif vasitələrdən istifadə edirdi. İranın dəniz qüvvələri ilə əlaqələndirilən kiçik gəmilərin mina yerləşdirmək məqsədilə tətbiq edildiyi hallar da qeydə alınmışdı.

Hörmüz boğazı dünya enerji ticarətinin əsas marşrutlarından biri olduğundan, burada baş verən hər bir insident yalnız regionun təhlükəsizliyinə deyil, qlobal neft daşımalarına və enerji bazarlarına da təsir göstərə bilər. Gərginliyin davam etməsi gəmiçilik xərclərini artıra, sığorta haqlarına təzyiq göstərə və neft təchizatı ilə bağlı riskləri gücləndirə bilər.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın
👁20