Kütləvi Etirazlar Və İğtişaşlar başladı


Fransa Prezidenti Emmanuel Makron ölkə üzrə keçirilən genişmiqyaslı etiraz aksiyaları zamanı zorakılıq və iğtişaş törədənlərə qarşı sərt hüquqi tədbirlərin görüləcəyini bəyan edib.
ELAZ.INFO xəbər verir ki, şənbə günü Fransa küçələrinə çıxan 550 mindən çox nümayişçinin iştirak etdiyi aksiyalar bir sıra şəhərlərdə polis və iğtişaşçılar arasında kəskin qarşıdurmalarla müşayiət olunub. Makron zorakılığa yol verənlərin mütləq cəzalandırılacağını və dəymiş ziyanı ödəyəcəklərini vurğulayıb.Fransa Daxili İşlər Nazirliyinin açıqladığı son məlumatlara görə, aksiyalar zamanı baş verən toqquşmalarda 1000-ə yaxın hüquq-mühafizə əməkdaşı xəsarət alıb. Ölkə miqyasında baş verən yağmalama, yanğın və iğtişaşlar səbəbindən 2,300-dən çox şəxs saxlanılıb.
Prezident Makron vurğulayıb ki, Respublika ərazisində zorakılığa yer yoxdur və dinc aksiyalardan sui-istifadə edərək xaos yaradanlar qanun qarşısında cavab verəcəklər. Sərt xəbərdarlıqla yanaşı, Fransa dövlət başçısı gənclərin və tələbələrin narahatlıqlarını anladığını ifadə edib. Makron bəyan edib ki, hökumət önümüzdəki həftə ərzində tələbələr, müəllimlər, həmkarlar ittifaqları, işəgötürənlər və rəsmi şəxslərlə birgə işləyərək cəmiyyətin, xüsusilə də təhsil sektoru və sosial təminatla bağlı narahatlıqlarına cavab verəcək həll yolları hazırlayacaq.
Ruslan MƏMMƏDOV





