Hindistanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri xanım Nita Bhuşan (Neeta Bhushan) “Hindistan Beynəlxalq Fondu”nun (India International Foundation – IIF) prezidenti və təsisçisi Aşok Manani (Ashok Manani) ilə səfirlik binasında rəsmi görüş keçirib.
ELAZ.İNFO xəbər verir ki, görüşdə fondun komitə üzvləri Anna Borkovska-Kolodziey (Anna Borkowska-Kolodziej) və Sanciv Çoudhari (Sanjeev Choudhary) də iştirak ediblər.
Görüş zamanı fondun rəhbəri Aşok Manani rəsmi Dehlinin Polşadakı diplomatik nümayəndəsinə təşkilatın fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O, fondun Polşa miqyasında Hindistanın zəngin incəsənətini, qədim mədəniyyətini və milli mətbəxini tanıtmaq istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. Səfir Nita Bhuşan fondun iki ölkə arasında humanitar və mədəni əlaqələrin qurulması və inkişafındakı rolunu yüksək qiymətləndirib: Səfir “IIF” təşkilatının Polşa və Hindistan xalqlarının bir-birinə yaxınlaşmasındakı xidmətlərini xüsusi qeyd edib. Xanım diplomat fondla mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə və birgə mədəni təşəbbüslərin gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Ruslan MƏMMƏDOV
