Salyanda sakinlər təcrid olunmaq təhlükəsi ilə üz-üzədir: Kommunal ödənişlər və məktublar üçün 20 kilometr yol qət etməlidirlər!
ELAZ.İNFO xəbər verir ki, son günlər ölkənin müxtəlif bölgələrində poçt şöbələrinin fəaliyyətinin dayandırılması dalğası Salyan rayonundan da yan keçməyib. Rayonun 5 minə yaxın əhalisi olan Qaraçala qəsəbəsində poçt şöbəsinin bağlanması yerli sakinlərin haqlı narazılığına və ciddi çətinliklərinə səbəb olub.
Salyan şəhər mərkəzindən 35 kilometr məsafədə yerləşən Qaraçala qəsəbəsinin sakinləri illərdir kommunal ödənişlərini, məktub və bağlama göndərişlərini məhz bu şöbə vasitəsilə həyata keçirirdilər. Bağlanma qərarından sonra isə aidiyyəti qurumlar sakinləri 15–20 kilometr uzaqlıqda yerləşən Qarabağlı kəndindəki poçt şöbəsinə yönləndiriblər. Sakinlər bildirirlər ki, bu qədər məsafəni qət etmək həm əlavə maliyyə xərci, həm də vaxt itkisidir. Son aylara qədər poçt şöbəsinin tam normal və problemsiz fəaliyyət göstərdiyini vurğulayan qəsəbə sakinləri baş verənlərdən şokdadırlar.
Qaraçala sakinləri narahatlıqla qeyd edirlər ki, bundan öncə qəsəbədəki xəstəxana fəaliyyətini dayandırıb, indi isə poçt şöbəsinin bağlanması qəsəbədəki sosial xidmətləri minimuma endirib. Kommunal qəbzlər, cərimə bildirişləri, teleqramlar və müxtəlif rəsmi məktublar məhz bu şöbəyə daxil olduğu üçün insanlar vacib bildirişləri vaxtında ala bilmirlər. Çarəsiz qalan Qaraçala əhalisi aidiyyəti qurumlara üz tutaraq bu sualı ünvanlayır:
“Təxminən 5 min nəfər əhalisi olan böyük bir yaşayış məntəqəsinin poçt şöbəsinin bağlanması hansı zərurətdən irəli gəlir? Belə bir qəsəbənin poçt rabitəsiz qalması nə dərəcədə məqsədəuyğundur?” Sakinlər problemin dərhal nəzərdən keçirilməsini və Qaraçala qəsəbəsində poçt xidmətinin təcili bərpa olunmasını tələb edirlər.
(Mənbə: Salyan Media)
Ruslan MƏMMƏDOV


