Rusiya Dövlət Dumasının plenar iclasında xarici vətəndaşlarla bağlı yeni və mühüm qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Hökumət tərəfindən irəli sürülən bu layihə Rusiya ordusunun tərkibində döyüş əməliyyatlarında iştirak edən xaricilərin hüquqi müdafiəsini nəzərdə tutur.
ELAZ.İNFO xəbər verir ki, Yeni qaydalara əsasən, Rusiya Silahlı Qüvvələri və ya digər rusiyalı hərbi birləşmələrin tərkibində müqavilə əsasında xidmət etmiş və döyüşlərdə iştirak etmiş xarici vətəndaşların, yaxud vətəndaşlığı olmayan şəxslərin Rusiyadan deportasiya edilməsi qadağan olunur. Eyni zamanda, bu şəxslərə müvəqqəti yaşayış icazəsi, daimi yaşayış icazəsi (VNJ) və iş icazəsinin verilməsindən imtina edilə bilməz, həmçinin mövcud sənədləri ləğv edilə bilməz.
Təşəbbüs müəllifləri 24 fevral 2022-ci il tarixindən bəri Rusiya ordusunda müqavilə ilə döyüşən xaricilər barəsində qəbul edilmiş bütün deportasiya, müvəqqəti qalma müddətinin azaldılması və sənədlərin verilməsindən imtina (yaxud ləğv edilməsi) qərarlarının icrasını dayandırmağı təklif edirlər. Qanun qüvvəyə mindiyi andan bu qərarlar öz hüquqi qüvvəsini itirəcək. Əgər qanun layihəsi Dövlət Duması tərəfindən tam qəbul edilib Rusiya Prezidenti tərəfindən imzalanarsa, rəsmi dərc olunduğu gündən 10 gün sonra qüvvəyə minəcək.
Ruslan MƏMMƏDOV
