İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçildi

ELAZ.İNFO xəbər verir ki, 25 may 2026-cı il tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun seçilməsi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilmişdir. Baş direktor vəzifəsinə namizədlərin sənəd qəbulu prosesi cari ilin 27 aprel tarixindən 8 may tarixinədək Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilmişdir. Daha sonra həmin sənədlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunmuşdur.

İlk olaraq iclasın katibi və səslərin sayılması üçün komissiya seçilmiş, prosedur qaydaları ilə bağlı məlumat verilmişdir. İclasın əvvəlində bir namizədin (Əliyeva İlahə Xudu qızı) öz namizədliyini geri götürməsi haqqında ərizəsi qəbul olunmuş və onun adı namizədlər siyahısından çıxarılmışdır.

Bundan sonra namizədlər iclasa dəvət olunmuş, onların hamısı baş direktor vəzifəsinə seçiləcəkləri təqdirdə ictimai yayımçının fəaliyyətində nə dəyişiklik və yeniliklər tətbiq edəcəkləri ilə bağlı konsepsiyaları və proqramları barədə ümumi məlumat vermişlər. Həmçinin, namizədlər Yayım Şurasının üzvlərinin suallarını cavablandırmışlar. 

Bütün namizədlərin çıxışından sonra səsvermə keçirilmişdir. Birbaşa və gizli səsvermənin nəticələrinə görə Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmişdir. 

İclasda Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin, habelə İctimai Televiziya və Radio Yayımları Şirkətinin məsul şəxsləri müşahidəçi kimi iştirak etmişlər.

Bizi izləyin və paylaşın