Ölkəmizdə müqəddəs Qurban bayramı günlərində əhalinin təhlükəsiz və sağlam qida məhsulları ilə təmin edilməsi, heyvan kəsimi və satışının müvafiq sanitar-gigiyenik tələblərə uyğun təşkil olunması məqsədilə genişmiqyaslı hazırlıq işləri görülür.
ELAZ.İNFO xəbər verir ki, bayram günlərində ölkə üzrə fəaliyyət göstərəcək heyvan kəsimi və satış məntəqələrinin iş qrafiki, eləcə də görülən tədbirlərlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) media nümayəndələri üçün brifinq təşkil olunub.
Respublikanın baş dövlət baytarlıq müfəttişi, AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev brifinqdə jurnalistlərə açıqlama verərək görülən işlərin əsas istiqamətlərini bəndlər şəklində diqqətə çatdırıb:
Qurbanlıq heyvanların satışı və kəsimi prosesi, əvvəlki illərin təcrübəsinə uyğun olaraq, aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə və öncədən müəyyən edilmiş xüsusi ünvanlarda təşkil olunacaq. Qurbanlıq heyvan kəsimi və satışının sağlam, eyni zamanda rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda satış və kəsim xidmətləri əhalinin ixtiyarına veriləcək. Həmin məntəqələrdə vətəndaşlara yalnız baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblərə tam uyğun kəsilmiş heyvanlar təqdim ediləcək. Bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla xüsusi səyyar heyvan kəsimi çadırları quraşdırılacaq. Bu çadırlarda da qurbanlıq heyvanların ciddi baytarlıq nəzarəti altında kəsimi və satışı təmin olunacaq. Eyni zamanda işğaldan azad olunan rayonlarda – Ağdam, Füzuli, Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə də bayram günlərində soydaşlarımızın qurbanlıq heyvanlara olan tələbatının rahat və təhlükəsiz şəkildə qarşılanması üçün müvafiq kəsim və satış yerləri təşkil ediləcək.
Ruslan MƏMMƏDOV
