“Qubadlı Zəfəri Şuşaya Aparan Yolu Yaxınlaşdırdı Və Müharibənin Taleyində Mühüm Rol Oynadı”

44 günlük Vətən müharibəsində qazanılan hər bir qələbə Azərbaycanın şanlı hərb tarixinin unudulmaz səhifəsidir. Şərqi Zəngəzurun strateji məntəqəsi olan Qubadlı şəhərinin azad edilməsi isə müharibənin gedişatını kökündən dəyişən və Şuşa zəfərinə yol açan həlledici dönüş nöqtələrindən biri oldu.
ELAZ.INFO xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva Qubadlı şəhərinin işğaldan azad edilməsinin tarixi, strateji əhəmiyyəti və bərpa prosesi ilə bağlı diqqətçəkən məqalə ilə çıxış edib. Könül Nurullayeva qeyd edib ki, 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etməklə Vətən müharibəsinin gedişində mühüm strateji üstünlük qazandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi: “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Bu, bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı”.
Məqalədə vurğulanır ki, 1993-cü il avqustun 31-də işğal edilmiş Qubadlı 27 ildən artıq müddətdə düşmən tapdağında qaldı. Rayonun yaşayış məntəqələri, sosial infrastrukturu, tarixi-mədəni abidələri dağıdıldı, minlərlə sakin doğma yurdlarından didərgin düşdü. Lakin xalqımız Qubadlıya qayıdacağına inamını heç vaxt itirmədi. Mürəkkəb relyef şəraitində strateji yüksəkliklərin ələ keçirilməsi, düşmənin müdafiə mövqelərinin yarılması və şəhərin azad olunması Azərbaycan hərbçilərinin yüksək peşəkarlığını və qəhrəmanlığını nümayiş etdirdi.
Cənab Prezidentin bəyanatlarına istinad edən deputat bildirib ki, Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Düşmən şəhərdə güclü istehkam və hərbi baza qurmuşdu. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu ilk növbədə şəhərə hakim olan strateji yüksəklikləri ələ keçirdi, ardından şəhərə girərək Qubadlını tam azad etdi.
Könül Nurullayeva diqqətə çatdırıb ki, Qubadlı artıq 6 ildir ki, azaddır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində rayonda müasir yaşayış məhəllələri salınır, kəndlər yenidən qurulur, yollar, enerji və sosial infrastruktur yaradılır. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təsdiqlənməsi rayonun gələcəyinə hesablanmış strateji yanaşmanın göstəricisidir. Yeni yaşayış kompleksləri, Mahruzlu və Zilanlı kəndlərinin bərpası, Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları, müasir enerji infrastrukturu bölgənin iqtisadi və sosial dirçəlişinə xidmət edir.
Sonda vurğulanır ki, Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafı və regionun Azərbaycanın ümumi sisteminə inteqrasiyası deməkdir. Zəngin təbii sərvətləri, münbit torpaqları və əlverişli coğrafi mövqeyi Qubadlının gələcəkdə mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsi üçün geniş imkanlar açır. 25 Oktyabr – Qubadlı Şəhəri Günü həm Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə ehtiramın, həm də azad torpaqlarımızda qurulan yeni həyatın təntənəsidir.
Ruslan MƏMMƏDOV




