Konstitusiya Məhkəməsinin Sədri İlə Görüşdə nələr müzakirə olunub?

23.10.2026

Azərbaycan ilə Pakistan arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətləri insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində də ikitərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır. İki ölkənin aidiyyəti qurumları arasında təcrübə mübadiləsi və institusional əlaqələrin gücləndirilməsi bu istiqamətdə mühüm rol oynayır.

ELAZ.INFO xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Pakistan İslam Respublikasının Federal Konstitusiya Məhkəməsinin sədri Amin-ud-Din Khanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan genişmiqyaslı islahatlar barədə qonaqlara etraflı məlumat verib.

Ombudsman beynəlxalq təşkilatlarla, xarici ölkələrin milli insan hüquqları təsisatları, o cümlədən Pakistanın federal və regional ombudsman institutları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası və Asiya Ombudsman Assosiasiyası çərçivəsində əlaqələrin inkişafına, qarşılıqlı təcrübə mübadiləsinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb.

Səbinə Əliyeva bildirib ki, iki ölkənin hüquq müdafiə təsisatları arasında səmərəli tərəfdaşlıq qabaqcıl təcrübələrin mənimsənilməsinə və institusional potensialın artırılmasına töhfə verir. Müvəkkil, həmçinin Ombudsman təsisatı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi arasında insan hüquqlarının daha səmərəli müdafiəsi istiqamətində uğurlu əməkdaşlıq modelinin qurulduğunu qeyd edib.

Pakistan İslam Respublikasının Federal Konstitusiya Məhkəməsinin sədri Amin-ud-Din Khan samimi qəbula görə Ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib.Görüşün sonunda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və Azərbaycan Ombudsman təsisatı tərəfindən hazırlanmış xüsusi hesabatlar xarici qonaqlara təqdim olunub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁29