XII Bakı Beynəlxalq Kitab Sərgisi baş tutub

23.10.2026

Cəmiyyətin hüquqi maarifləndirilməsi, insan hüquqlarının təbliği və bu sahədə beynəlxalq təcrübənin bölüşülməsində kitabların və maarifləndirici nəşrlərin müstəsna rolu var. Beynəlxalq kitab sərgiləri isə bu cür mühüm vəsaitlərin geniş oxucu kütləsinə çatdırılması üçün əvəzsiz platformadır.

ELAZ.INFO xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib. Açılış mərasimindən sonra Müvəkkil sərgidə nümayiş olunan kitablarla və poliqrafiya məhsulları ilə yaxından tanış olub. Səbinə Əliyeva, həmçinin Ombudsman təsisatının nəşrlərinin sərgiləndiyi stendin önündə çoxsaylı ziyarətçilərlə görüşərək onları maraqlandıran sualları etraflı cavablandırıb.

Qeyd edək ki, builki sərgidə Ombudsman təsisatının Azərbaycan, türk, rus, ingilis, Ukrayna, fransız və alman dillərində 288 adda nəşri sərgilənir. Nümayiş olunan nəşrlər arasında uşaqların, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, süni intellekt və insan hüquqları, bərabərlik hüququnun təmini, ayrı-seçkiliyin qarşısının alınması, informasiya əldə etmək hüququ və digər aktual mövzulara dair vəsaitlər yer alır. Nəşrlər, eyni zamanda, Brayl əlifbası, işarət dili və QR kod vasitəsilə ziyarətçilərə təqdim olunur.

Təsisatın hüquqi maarifləndirmə məqsədilə çap olunmuş nəşrləri bir sıra xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına, milli kitabxanalarına, beynəlxalq insan hüquqları təşkilatlarına, ali məktəblərin, eyni zamanda dövlət qurumlarının, müəssisələrinin kitabxanalarına və cəzaçəkmə müəssisələrinə də təqdim edilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁33