Cins Damazlıq Heyvanların Verilməsinə Başlanıldı

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan sakinlərin məşğulluğunun təmin olunması və dayanıqlı gəlir mənbələrinin formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən dəstək tədbirləri böyük qayıdış prosesində yerli əhalinin kiçik təsərrüfatlarını qurmasına geniş imkanlar açır.
ELAZ.INFO xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cins damazlıq heyvanların verilməsinə start verilib. Bu sahədə ilk aktivlər – “Simmental” və “Holstein” cinslərinə aid heyvanlar Ağdam, Xocalı və Laçın rayonlarında sakinlərin istifadəsinə verilib. Proqram çərçivəsində tərəf tərəfə hər bir sakinə 2 baş cins inək təqdim olunub.
Ağdam rayonunun Xıdırlı kəndində təşkil edilən tədbirdə vurğulanıb ki, cins damazlıq heyvanların paylanışına məhz işğaldan azad edilmiş ərazilərdən başlanması təsadüfi xarakter daşımır. Azad olunmuş bölgələrin yenidən dirçəlməsi, iqtisadiyyatın bərpası və yerli sakinlərin öz işlərini qurması prosesində özünüməşğulluq proqramı əvəzsiz rola malikdir.
Məlumata görə, işğaldan azad edilmiş ərazilərə köçürülmüş şəxslərdən bu günədək 1116 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Bu təsərrüfatların 661-i kənd təsərrüfatı, 455-i isə istehsal və xidmət sahələrini əhatə edir Cins heyvandarlıq üzrə təqdim olunan aktivlər sakinlərin təsərrüfat fəaliyyətini inkişaf etdirmək, məhsuldarlığı artırmaq və dayanıqlı gəlir bazası yaratmaq məqsədi daşıyır. Yeni zərf üzrə aktivlərin paylanması növbəti günlərdə Xocavənd və Ağdərə rayonlarında davam etdiriləcək.
Ruslan MƏMMƏDOV




