Qarabağda 130 tarixi abidə hələ də inventarlaşdırılmayıb: Səbəb minalardır

23.09.2026

ELAZ.İNFO 

Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəni irsin araşdırılması və sənədləşdirilməsi davam etdirilir. Lakin bölgədə dövlət qeydiyyatında olan 130 tarixi abidənin inventarlaşdırılması hələ başa çatmayıb. Buna əsas səbəb həmin ərazilərin minalarla çirklənməsidir.

Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 749 abidə müəyyənləşdirilib və onların 575-də inventarlaşdırma işləri aparılıb. Bu proses zamanı abidələrin vəziyyəti araşdırılır, foto və dron çəkilişləri aparılır, rəqəmsal xəritələr hazırlanır və arxiv materialları öyrənilir.

Aparılan monitorinqlərin nəticələri də diqqətçəkəndir. Rəsmi açıqlamalara əsasən, 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif miqyasda zərər görüb. Dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscidin tamamilə dağıldığı, bir sıra digər dini abidələrin isə müxtəlif dərəcədə zədələndiyi bildirilib.

Hazırda əsas problemlərdən biri təhlükəsizliyin təmin olunmasıdır. Minalardan təmizlənməmiş ərazilərdə abidələrin tam araşdırılması mümkün deyil. Bu isə tarixi irsin dəqiq sənədləşdirilməsi və bərpası prosesini çətinləşdirir.

Qarabağda aparılan inventarlaşdırma yalnız daş və tikililərin siyahıya alınması deyil. Bu iş bölgənin tarixi yaddaşının sənədləşdirilməsi baxımından da əhəmiyyət daşıyır. Hər bir abidənin vəziyyətinin müəyyənləşdirilməsi onun gələcəkdə qorunması və bərpası üçün əsas yaradır.

130 abidənin taleyinin tam sənədləşdirilməsi üçün isə ilk növbədə həmin ərazilərin mina təhlükəsindən azad edilməsi tələb olunur.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁23