Polşada 44 yaşlı Rusiya vətəndaşı qətlə yetirilib: Şəhərdə genişmiqyaslı əməliyyat keçirilir

Polşanın Biała Podlaska şəhərində 44 yaşlı Rusiya vətəndaşının güllələnərək öldürülməsi ölkədə ciddi rezonans doğurub. Hadisə şəhərin Kraliça Yadviqa küçəsində, ticarət köşklərinin yaxınlığında qeydə alınıb.

ELAZ.İNFO xəbər verir ki, şahidlərin ifadələrinə görə, ərazidə bir neçə atəş səsi eşidilib və həmin şəxs aldığı güllə yaralarından hadisə yerindəcə dünyasını dəyişib.

Polşa hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıb. Şəhərin giriş-çıxış nöqtələrində nəzarət postları qurulub, avtomobillər ciddi yoxlamadan keçirilir. Polis rəsmiləri şübhəli şəxsin hələ də silahlı olma ehtimalını nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirib.

Prokurorluq hazırda hadisə yerində araşdırmaların davam etdiyini, sübutların toplandığını və şahidlərin dindirildiyini açıqlayıb. Polşa mediasında cinayətin sifarişli və ya siyasi motivli ola biləcəyinə dair iddialar yer alsa da, rəsmi qurumlar hələlik bu versiyaları təsdiqləməyib. Bəzi mənbələr qətlə yetirilən şəxsin Rusiya hakimiyyətini tənqid edən çıxışları ilə tanındığını iddia edir.

Qeyri-rəsmi məlumatlara görə, hadisədə bir neçə nəfərin iştirakı ehtimal olunur. İstintaq çərçivəsində artıq Belarus vətəndaşı olduğu bildirilən bir şübhəlinin saxlanıldığı iddia edilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın