ELAZ.INFO xəbər verir ki, “Apple”ın bu ilin payızında təqdim edəcəyi gözlənilən “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin əvvəlki nəsillərlə müqayisədə daha baha qiymətə satışa çıxacağı proqnozlaşdırılır.
Beynəlxalq texnologiya analitiklərinin qiymətləndirmələrinə əsasən, yeni flaqman modellərin qiyməti istehsal xərclərinin artması fonunda 300 ABŞ dollarınadək yüksələ bilər. Bu artımın əsas səbəbləri kimi yeni nəsil 2 nanometrlik prosessorların istehsalı, yaddaş komponentlərinin bahalaşması və qlobal təchizat zəncirində yaranan çətinliklər göstərilir.
Mütəxəssislər bildirirlər ki, süni intellekt texnologiyalarına artan tələbat elektron komponentlər bazarında ciddi təzyiq yaradıb. Nəticədə çip və digər vacib hissələrin istehsalı daha baha başa gəlir ki, bu da son məhsulun satış qiymətinə təsir edir.
Analitiklərin fikrincə, hazırda 1 099 və 1 199 ABŞ dollarından başlayan “iPhone Pro” modellərinin yeni nəsildə xeyli bahalaşması mümkündür. Əgər gözlənilən qiymət artımı reallaşarsa, “iPhone 18 Pro” seriyası “Apple” tarixində satışa çıxarılan ən bahalı smartfonlardan biri olacaq.
Məlumata görə, şirkətin yeni “iPhone 18” seriyasını sentyabr ayında təqdim edəcəyi gözlənilir. Tədbirdə, həmçinin qiymətinin 2 min ABŞ dollarını keçəcəyi iddia olunan qatlana bilən yeni “iPhone” modelinin də nümayiş etdirilməsi ehtimal edilir.
Günel GÜNTAC


