Olimpiya çempionu Artur Dmitriyev 58 yaşında vəfat etdi

Mətn

Dünya fiqurlu konkisürmə ailəsi ağır itki ilə üzləşib. Buz üzərində göstərdiyi bənzərsiz performanslar, mürəkkəb texniki elementləri və qazandığı tarixi uğurlarla idman tarixinə adını qızıl hərflərlə yazdıran əfsanəvi çempion həyata gözlərini yumub. Onun idman karyerasında qoyduğu irs gənc nəsil idmançılar üçün hər zaman örnək olaraq qalacaq.

ELAZ.İNFO xəbər verir ki, fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Artur Dmitriyev 59-cu yaşında vəfat edib. Bu barədə TASS agentliyinə etibarlı mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, əfsanəvi idmançı Moskva xəstəxanalarının birində dünyasını dəyişib.

Artur Dmitriyev fiqurlu konkisürmə tarixində Olimpiya Oyunlarını iki fərqli tərəfdaşla (partnyorla) qazanan ilk idmançı kimi unikal bir rekorda imza atıb. O, 1992-ci ildə Natalya Mişkutenok ilə, 1998-ci ildə isə Oksana Kazakova ilə birlikdə Olimpiya qızılına sahib olub.

Mişkutenok ilə cütlükdə o, həmçinin 1994-cü il Olimpiadasının gümüş mükafatçısı olub, iki dəfə dünya, iki dəfə isə Avropa çempionluğunu (1991, 1992) bayram edib. Oksana Kazakova ilə birlikdə isə 1996-cı ildə Avropa çempionu adını qazanıb.

Peşəkar idman karyerasını başa vurduqdan sonra A.Dmitriyev Rusiya milli komandalarında məşqçi-məsləhətçi kimi fəaliyyət göstərib. Onun yetirmələri arasında ikiqat Olimpiya çempionu Maksim Trankov, Avropa çempionatlarının mükafatçısı Mariya Muxortova, Olimpiya oyunlarının gümüş mükafatçısı Aleksandr Enbert, Rusiya çempionatının mükafatçısı Katarina Gerboldt və digər tanınmış fiqurlu konkisürənlər var.

Görkəmli xidmətlərinə görə Artur Dmitriyev III dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” (1998) və “Xalqlar Dostluğu” (1994) ordenləri ilə təltif edilmişdi.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın