Məktəb intizamı, uşaq hüquqları və valideyn məsuliyyəti


Pedaqoji-analitik baxış
Məktəb – yalnız fənlər üzrə bilik verən təhsil müəssisəsi deyil, həm də sosial bərabərliyin, vətəndaşlıq məsuliyyətinin və daxili intizamın formalaşdığı mühüm tərbiyə məkanıdır. Müasir təhsil sistemində vahid məktəbli forması və daxili nizam-intizam qaydalarının tətbiqi şagirdlər arasında sosial-iqtisadi fərqləri aradan qaldırmaq, psixoloji bərabərlik mühiti yaratmaq və təlim prosesində diqqəti yalnız təhsilə yönəltmək məqsədini daşıyır. Bu baxımdan daxili qaydalara riayət olunması məktəb mühitinin sağlamlığı üçün vacib şərtdir.
Lakin son dövrlərdə daxili nizam-intizam və vahid geyim qaydaları ilə fərdi/dini inancların toqquşdurulması pedaqoji və hüquqi müstəvidə ciddi təhlil tələb edən məsələyə çevrilmişdir. Məsələyə pedaqoji yanaşmanın əsas prinsipi uşağın ali mənafeyini və onun təhsil almaq hüququnu hər şeydən üstün tutmaqdır. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq konvensiyalar hər bir uşağın təhsil almaq hüququnu təsbit edir. Valideynlərin öz şəxsi dini və ya ideoloji baxışlarını bəhanə edərək övladlarını məktəbdən uzaqlaşdırması, onları təhsildən yayındırması uşaq hüquqlarının birbaşa pozulması deməkdir. Uşaq müstəqil hüquq subyektidir və onun təhsil almaq imkanı fərdi təəssübkeşliklərin qurbanına çevrilməməlidir.
Bu nöqtədə övladının gələcəyinə cavabdeh olan inanclı valideynlərin üzərinə böyük mənəvi və pedaqoji məsuliyyət düşür. İnanclı valideynlərə çağırışımız budur ki, inanc və mənəviyyat dəyərlərini uşağın təhsilinə və inkişafına maneəyə çevirməsinlər. Əsl mənəviyyat uşağı elmdən və cəmiyyətdən təcrid etmək deyil, onu savadlı, dünyagörüşlü və faydalı bir şəxsiyyət kimi yetişdirməkdir. Valideynlər anlamalıdırlar ki, övladlarını məktəb intizamına qarşı qoymaqla və ya dərslərdən saxlamaqla onlar uşağın gələcəkdə cəmiyyətə inteqrasiya olunmaq imkanlarını məhdudlaşdırırlar.
Nəticə etibarilə, məktəb daxili intizamı və vahid geyim qaydaları ilə güclüdür. Təhsil müəssisələri ilə valideynlər arasında qarşıdurma deyil, sağlam dialoq və əməkdaşlıq mühiti qurulmalıdır. Məktəb qaydalarını dəstəkləmək hər bir vətəndaşın borcudur, çünki bu qaydalar uşaqlarımızın təhlükəsiz, bərabər və keyfiyyətli təhsil almasının təminatıdır.
Gülnarə ƏMİRASLANOVA





