Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə bir araya gəlib

Azərbaycan ilə Vatikan arasında mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, tarixi irsin qorunması və beynəlxalq mədəniyyət platformalarında birgə layihələrin icrası uğurla davam etdirilir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti çərçivəsində reallaşan bu əməkdaşlıq xalqlararası dialoqa və qlobal multikulturalizm ənənələrinə mühüm töhfələr verir.

ELAZ.İNFO xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda səfərdə olan Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Heydər Əliyev Fondu ilə Vatikan arasında 2012-ci ildən bəri uğurla davam edən əməkdaşlıq sahələri, xüsusilə Vatikan arxivindəki fondların rəqəmsal mühafizəsi və gələcək fəaliyyət istiqamətləri ətraflı müzakirə olunub.

Heydər Əliyev Fondu, AMEA və Vatikan tərəfi arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq, azərbaycanlı alimlərdən ibarət nümayəndə heyətinin Vatikanda mühüm tədqiqatlar aparması nəzərdə tutulur. Bu araşdırmalar Cənubi Qafqaz və Azərbaycan tarixi, o cümlədən Ağqoyunlu və Səfəvi hökmdarlarının Roma papaları ilə diplomatik əlaqələrinə dair materialları əhatə edəcək. Eyni zamanda, azərbaycanlı tələbələrin Vatikanda kitabxanaçılıq və arxiv işi üzrə təhsil alması imkanları da dialoqun əsas mövzularından olub.

Görüşün sonunda tərəflər arasında qarşılıqlı xatirə hədiyyələri təqdim edilib. Vatikan nümayəndə heyətinə nəfis Azərbaycan xalçası, Leyla Əliyevaya isə Vatikan arxivində qorunan və XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixinə dair mühüm sənədin surəti hədiyyə olunub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın