Kosmosdakı iki “doğma” daş

Kosmik fəzanın dərindən öyrənilməsi və səma cismlərinin kəşfi bəşəriyyət üçün elmi əhəmiyyət daşımaqla yanaşı, həm də nəsillər arasındakı mənəvi bağları əbədiləşdirən fərqli bir aləmə malikdir. Bu sonsuzluqda öz adını daşıyan planetlərin, ulduzların və ya asteroidlərin olması hər bir alim üçün ən böyük mənəvi mükafatlardan biri hesab olunur.

ELAZ.İNFO xəbər verir ki, tanınmış rusiyalı astronom, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun aparıcı elmi işçisi, İrkutsk Dövlət Universitetinin professoru Sergey Yazev TASS agentliyinə müsahibəsində kosmosda onun şərəfinə adlandırılmış “(591861) Sergeyyazev” asteroidi və səma cismlərinin adlandırılması qaydaları barədə maraqlı faktları bölüşüb.

S.Yazev kosmosda onun adını daşıyan bir obyektin olduğunu bilməyin qeyri-adi və xoş bir hiss olduğunu qeyd edib: “Buna görə dostlarıma və həmkarlarıma minnətdaram. Astronomiyanın populyarlaşdırıcısı Natalya Bulqakova 2024-cü ildə belə bir gözlənilməz ideya ilə çıxış etdi. Rusiyalı astronom Timur Kryaçko isə özünün kəşf etdiyi asteroidlərdən birinə mənim adımı verməyi Beynəlxalq Astronomiya İttifaqına təklif etdi. Bu müraciət rekord müddətdə – təxminən bir ay ərzində təsdiqləndi”.

Alim bildirib ki, səma cismlərinə adların verilməsi ilk növbədə həmin obyekti kəşf edən şəxsin şəxsi təşəbbüsüdür. Hazırda kataloqda 1,5 milyondan çox asteroid var və onların adlandırılmasında müəyyən ciddi qaydalar mövcuddur. Məsələn, adın uzunluğu 16 simvoldan çox olmamalıdır, kommersiya məhsullarının adlarından istifadə qadağandır. Görkəmli siyasətçi və ya hərbi xadimlərin adları isə yalnız onların ölümündən 100 il sonra asteroidlərə verilə bilər. Lakin musiqiçilərin, şəhərlərin, ölkələrin və ya qəhrəmanlıq göstərmiş şəxslərin adlarının verilməsinə icazə var. Misal olaraq, yaxın keçmişdə – 2025-ci ilin noyabrında Honkonqda yaşayış binasında baş verən yanğını söndürərkən qəhrəmancasına həlak olan yanğınsöndürən Ho Vaihonun şərəfinə 34871 nömrəli asteroidə “Howaiho” adı verilib.

Müsahibədə ən təsirli məqamlardan biri Sergey Yazevin asteroidi ilə onun anası – tanınmış astronom Kira Mansurovanın adını daşıyan “(6845) Mansurova” asteroidi arasındakı kosmik bağlılıq olub. “Bu iki asteroid Günəş ətrafında dövr edir. Mənim adımı daşıyan asteroid Yerə 215 milyon kilometrdən daha yaxın məsafəyə gəlmir. Lakin bu iki asteroid hər 10 ildən bir kosmik ölçülərə görə bir-birinə çox yaxın – təxminən 10 milyon kilometr məsafəyə qədər yaxınlaşır. Növbəti ən yaxınlaşma 2031-ci ildə, anamın anadan olmasının 100 illiyində baş tutacaq”, – deyə alim vurğulayıb. Qeyd edək ki, “Mansurova” asteroidi tam 50 il əvvəl – 1976-cı ilin mayında astronom Nikolay Çernıx tərəfindən kəşf edilib.

Alim həmçinin 30 iyun 1908-ci ildə baş vermiş məşhur Tunquska hadisəsinə də toxunub. O bildirib ki, elmi dildə “Tunquska meteoriti” ifadəsi tam doğru deyil, çünki yer səthində heç bir qəlpə tapılmayıb: “Asteroid kosmosda uçan obyektdir. Əgər o, yerə düşərsə, meteorit adlanır. Tunquska hadisəsində heç bir qalıq tapılmadığı üçün onu ‘Tunquska kosmik cismi’ adlandırmaq daha doğrudur”.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın