Kibertəhdidlər və görünməz hücumlardan qorunma ilə bağlı təlim keçirilib

ELAZ.İNFO 8 iyul 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Kibertəhdidlər və görünməz hücumlardan qorunma üzrə maarifləndirmə” layihəsi çərçivəsində üçüncü maarifləndirici təlim təşkil olunub.

“Ulduz” İnformasiya-Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi tərəfindən icra olunan layihənin əsas məqsədi vətəndaşların kibertəhlükələr barədə məlumatlılığının artırılması, təhlükəsiz rəqəmsal davranış vərdişlərinin formalaşdırılması və kibergigiyena sahəsində maarifləndirmənin genişləndirilməsidir.

Tədbirin açılışında çıxış edən layihə rəhbəri Samir Həsənov müasir dövrdə informasiya təhlükəsizliyinin cəmiyyətin rəqəmsal inkişafının ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb. O qeyd edib ki, internet istifadəçiləri hər gün fişinq, zərərli proqram təminatı, sosial mühəndislik və digər kiberhücumlarla üzləşə bilərlər. Bu baxımdan vətəndaşların kibertəhlükələr barədə məlumatlandırılması və təhlükəsiz internet istifadəsi vərdişlərinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Samir Həsənov çıxışında kibercinayətkarların süni intellekt texnologiyalarından istifadə etməklə hücum üsullarını daha mürəkkəb və inandırıcı hala gətirdiklərini diqqətə çatdırıb. O bildirib ki, rəqəmsal təhlükəsizliyin təmin olunması üçün istifadəçilərin kibergigiyena qaydalarına əməl etməsi, şəxsi məlumatlarını qoruması və təhlükəsizlik tədbirlərini gündəlik internet istifadəsinin ayrılmaz hissəsinə çevirməsi vacibdir.

Daha sonra layihənin eksperti Yusif Süleymanlı iştirakçılar üçün geniş təqdimatla çıxış edib. Təlim zamanı kibertəhlükəsizlik anlayışı, fişinq hücumlarının növləri (e-poçt, SMS və telefon zəngləri vasitəsilə həyata keçirilən fişinq), zərərli proqram təminatları (viruslar, ransomware, trojan və spyware), güclü şifrələrin yaradılması prinsipləri, iki faktorlu autentifikasiya (2FA), ictimai Wi-Fi şəbəkələrinin yaratdığı risklər və şəxsi məlumatların təhlükəsizliyi barədə ətraflı məlumat verilib.

İnteraktiv formatda keçirilən təlim zamanı real hadisələr əsasında nümunələr təqdim olunub, iştirakçılarla müzakirələr aparılıb və onların kibertəhlükələrdən qorunma bacarıqlarının artırılmasına yönəlmiş praktik tövsiyələr verilib. Tədbirin sonunda iştirakçılar üçün biliklərin qiymətləndirilməsi məqsədilə test keçirilib, onları maraqlandıran suallar cavablandırılıb və təlim yekunlaşdırılıb.

Layihə çərçivəsində keçirilən maarifləndirmə tədbirlərinin əsas məqsədi cəmiyyətdə kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına töhfə vermək, vətəndaşların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərini inkişaf etdirmək və müasir kiberhədələrə qarşı daha hazırlıqlı olmalarını təmin etməkdir

Aydan

Bizi izləyin və paylaşın