ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından bu yana Fars körfəzi regionunda ümumilikdə 29 ticarət gəmisi hücuma məruz qalıb. Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi (UKMTO) cari ilin 28 fevral – 9 iyun tarixlərini əhatə edən rəsmi statistikasını dərc edib.
ELAZ.İNFO xəbər verir ki, regionun mühüm su yollarında təhlükəsizlik riskləri aktiv olaraq qalmaqdadır Böyük Britaniya hərbi dəniz rəsmilərinin hesabatına əsasən, münaqişə zonasında gəmilərin təhlükəsizliyi ilə bağlı çoxsaylı faktlar qeydə alınıb: UKMTO Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzi regionlarında fəaliyyət göstərən gəmilərlə bağlı ümumilikdə 54 hadisə barədə məlumat daxil olduğunu bəyan edib.
Bu insidentlərin 29-u birbaşa silahlı hücum, 23-ü şübhəli aktivlik barədə xəbərdarlıq, 2-si isə gəmilərin dəniz quldurları və ya hərbi qüvvələr tərəfindən ələ keçirilməsi (qəsbi) faktlarıdır. Statistikaya görə, son bir ay ərzində insidentlərin sayında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunub. Mayın 5-də dərc olunmuş analoji hesabatdan keçən dövr ərzində cəmi 4 yeni hücum və 5 şübhəli aktivlik hadisəsi qeydə alınıb.
Məsələyə qlobal miqyasda yanaşan BMT-nin Beynəlxalq Dəniz Təşkilatının təqdim etdiyi məlumatlar vəziyyətin ciddiliyini göstərir: Müharibənin başlanğıcından bəri qeydə alınan ümumi 41 dəniz insidenti nəticəsində 11 dənizçi həyatını itirib. Hücumlar zamanı bir neçə gəmi heyəti üzvü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Ruslan MƏMMƏDOV
