Futbolda süni intellekt dövrü başlayır

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) rəqəmsal transformasiyanı sürətləndirmək və azarkeşlərlə əlaqələri gücləndirmək məqsədilə qlobal texnologiya nəhəngi “Alibaba Group” ilə süni intellekt, bulud xidmətləri və elektron ticarət sahələrində uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzalayıb.

ELAZ.INFO xəbər verir ki, cümə günü Budapeştdə elan olunan razılaşmaya əsasən, “Alibaba” şirkəti 2027/2028 mövsümündən 2032/2033 mövsümünədək UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının, həmçinin AVRO-2028-in rəsmi və eksklüziv süni intellekt, bulud xidmətləri və e-ticarət tərəfdaşı olacaq. UEFA-dan bildirilib ki, bu əməkdaşlıq rəqəmsal imkanları gücləndirmək, qlobal azarkeş kütləsini genişləndirmək və məzmunun nümayişi keyfiyyətini artırmaq strategiyasının mühüm hissəsidir.

UEFA Prezidenti Aleksander Çeferin “Alibaba”nın bu sahədəki təcrübəsinin qurumun innovasiya vizyonu ilə tam üst-üstə düşdüyünü qeyd edib: “Alibaba ilə birlikdə azarkeşləri oyuna daha yeni və mənalı yollarla yaxınlaşdıracağıq. Avropa futbolunun ənənələrini, duyğularını və ruhunu qoruyaraq, yarışlarımızı daha cəlbedici, əlçatan və təsirli edəcəyik”. Tərəfdaşlıq dövründə “Alibaba” özünün “Qwen” böyük dil modelini (LLM) daxil olmaqla süni intellekt texnologiyalarını azarkeşlərlə qarşılıqlı əlaqə, media məzmununun idarə edilməsi və tədbir kommunikasiyalarına cəlb edəcək. Şirkət özünün qlobal bulud infrastrukturu və e-ticarət platformaları vasitəsilə UEFA turnirlərində daha canlı və dolğun izləmə təcrübəsi təqdim edəcək. “Alibaba Group”un sədri Co Tsay UEFA-nın idman və texnologiyanın kəsişməsinə olan böyük marağının bu tərəfdaşlıqda əsas hərəkətverici qüvvə olduğunu bildirib: “Süni intellekt idmanı və azarkeş təcrübəsini dəyişir. Paris Olimpiadasında və Milan-Kortina Qış Olimpiya Oyunlarında süni intellektlə dəstəklənən 360 dərəcəlik təkrar nümayiş texnologiyasının azarkeşlər üçün necə maraqlı mühit yaratdığını gördük. İndi isə ‘Qwen’ modelimiz vasitəsilə azarkeşlərin futbol, klublar və oyunçular haqqında məlumatları daha interaktiv şəkildə əldə etmələrinə kömək edəcəyik”.

Məlumat üçün qeyd edək ki, “Alibaba” 2017-ci ildən bəri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qlobal tərəfdaşıdır. Şirkətin dəstəyi ilə 2021-ci il Tokio Olimpiadasında bulud əsaslı yayım geniş tətbiq olunub, 2022-ci il Pekin Qış Olimpiadasında isə əsas sistemlər tamamilə buluda köçürülüb. 2024-cü il Paris Olimpiadasında isə bulud yayımı tarixdə ilk dəfə peyk ötürücülərini üstələyərək əsas yayım üsuluna çevrilib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın